“Azərsu” beynəlxalq mükafata layiq görülüb

“Azərsu” beynəlxalq mükafata layiq görülüb
# 08 iyun 2015 09:57 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. “Qlobal Su təsərrüfatı liderləri” Qrupunun təşkilatçılığı ilə Yunanıstanın paytaxtı Afinada keçirilmiş “Global water 2015” forumu yekunlaşıb.

“Azərsu” ASC-dən “APA-Economics”ə verilən məlumata görə, dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən su şirkətlərinin rəhbərlərinin iştirak etdiyi tədbirdə qlobal su problemləri haqqında məruzələr dinlənilmiş, problemlərdən çıxış yolları ətrafında müzakirələr aparılıb.

Forumun sonunda beynəlxalq su sənayesinə verdikləri töhfələrə və bu sahədə qazanılmış nailiyyətlərə görə müxtəlif nominasiyalar üzrə mükafatların verilməsi mərasimi keçirilib. Tədbirdə elan edilib ki, kommunal sahədə nailiyyətlərə və göstərilən yüksək xidmətə görə “Azərsu” “Qlobal Su təsərrüfatı liderləri” Qrupu tərəfindən 2015-ci ilin “Su Liderləri” nominasiyasında mükafata layiq görülüb. Bu münasibətlə “Qlobal Su təsərrüfatı liderləri” Qrupu tərəfindən “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynova təbrik məktubu göndərilib.

Qeyd edək ki, “Qlobal Su təsərrüfatı liderləri” Qrupu dünya üzrə qlobal su problemlərinin həlli sahəsində fəaliyyət göstərən mötəbər qurumlardan biridir. 2 500-ə yaxın üzvü olan qrupda dünya ölkələrinin su sektoru üzrə dövlət təşkilatları və özəl şirkətlərinin rəhbərləri təmsil olunur. Qrupun təşkilatçılığı ilə hər il “Qlobal Su” forumları keçirilir. Forumlarda dünyada mövcud su problemləri haqqında məruzələr dinlənilir və operativ çıxış yolları ətrafında müzakirələr aparılır. Qrupun təsis etdiyi “Su Liderləri” adlı jurnalda dünya üzrə su sektorunda görülən işlər, hesabatlar, nailiyyətlər və problemlər haqqında məqalələr dərc olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR