Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin korrupsiyada ittiham olunan sabiq əməkdaşlarının məhkəmə istintaqı yekunlaşıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin korrupsiyada ittiham olunan sabiq əməkdaşlarının məhkəmə istintaqı yekunlaşıb
# 25 aprel 2013 14:18 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə – APA. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Qaradağ rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin baş məsləhətçisi Şahin Əsədov və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

APA-nın məlumatına görə, hakim Əhməd Quliyevin sədrlik etdiyi prosesdə məhkəmə istintaqının tamamlanması barədə qərar qəbul olunub. Proses mayın 2-də davam etdiriləcək. Həmin gün dövlət ittihamçısı təqsirləndirilən şəxslərə cəza istəyəcək.

Qeyd edək ki, Baş Prokurorluğun yaydığı məlumata görə, Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin Qaradağ rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin baş məsləhətçisi Şahin Əsədovun Bakı şəhər sakinindən ünvanlı sosial yardım təyin edilməsi üçün 200 manat məbləğində pulu rüşvət kimi alması faktına görə Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsində Cinayət Məcəlləsinin 311.1-ci (rüşvət alma) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılıb. Müəyyən edilib ki, rayon ƏSMM-in direktoru Rəhman Yusifov 2008-2012-ci illər ərzində mərkəzin Ünvanlı sosial yardım və sosial müavinətlər sektorunun əməkdaşları Şahin Əsədov, Mirabdulla Seyidov, Pərviz Rəhimov və Rəşad Əbilov ilə cinayət əlaqəsinə girib mütəşəkkil dəstə yaradaraq ünvanlı dövlət sosial yardım təyin edilməsi müqabilində mərkəzə müraciət etmiş 174 rayon sakinindən xidməti vəzifələrinin icrası ilə əlaqədar 193 354 manat məbləğində külli miqdarda pulu rüşvət kimi tələb edərək 187 208 manat pul alıb.

Bundan başqa, öz cinayətkar əməllərini davam etdirən dəstə üzvlərindən Şahin Əsədov, Mirabdulla Seyidov və Pərviz Rəhimov hər biri ayrı-ayrılıqda ünvanlı sosial yardım ayrılmış vətəndaşların etibarından sui-istifadə edib aldatma yolu ilə onların plastik kartlarını ələ keçirərək bankomatlardan ümumilikdə 69 729 manat pulu çıxarıb külli miqdarda özgə əmlakını ələ keçirərək mənimsəyib. Həmçinin mərkəzin baş mühasibi Gülarə Əhmədova plastik ödəniş kartlarının vətəndaşlara təqdim edilməsini təsdiq edən vərəqələri banka təhvil verilməsi barədə aktlara bilə-bilə yalan məlumatlar daxil edib imzalamaqla vəzifə saxtakarlığı və mütəşəkkil dəstənin dələduzluq və mənimsəmə cinayətləri törətmələrinə şərait yaradıb vətəndaşların və dövlətin qanunla qorunan mənafelərinə ağır zərər vurub. Mərkəzinin direktor müavini və ünvanlı sosial yardım və sosial müavinətlər sektorunun müdiri Vüsal Rzayev isə mərkəzin əməkdaşlarına aztəminatlı ailələrə ayrılmış pul vəsaitlərini dələduzluq və mənimsəmə yolu ilə talamalarına şərait yaradaraq vətəndaşların və dövlətin qanunla qorunan mənafelərinə ağır zərər vurmaqla səhlənkarlıq edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR