Fiziki şəxslərin Azərbaycan vətəndaşlarını xarici ölkələrdə işə düzəltməkdə vasitəçilik etməsi qadağan edilir

Fiziki şəxslərin Azərbaycan vətəndaşlarını xarici ölkələrdə işə düzəltməkdə vasitəçilik etməsi qadağan edilir
# 17 oktyabr 2014 10:53 (UTC +04:00)

APA-nın məlumatına görə, Milli Məclisin bugünkü iclasında bununla bağlı “Reklam haqqında” və “Məşğulluq haqqında” qanunlara dəyişikliklər edilib.

Dəyişikliyə əsasən, Azərbaycanda fiziki şəxslərin Azərbaycan vətəndaşlarının xarici ölkələrdə işə düzəldilmələrində vasitəçilik etməsi də qadağan edilir.

Qanun layihələrinin müzakirəsində çıxış edən millət vəkili S.Rüstəmxanlı deyib ki, Milli Məclis qanunları Miqrasiya Məcəlləsinə uyğunlaşdırır: “Amma Miqrasiya Məcəlləsinin özü də yanlışdır. Əgər Rusiyada haradasa işləmək imkanı varsa, bir azərbaycanlı 5-10 azərbaycanlını işləməyə aparırsa, bunun fiziki yox, mütləq hüquqi şəxs olmasının, Azərbaycanda hansısa qurumlara xəbər verməsinin məsələyə nə dəxli var?”

Yeni Azərbaycan Partiyası icra katibinin müavini Siyavuş Novruzov isə S.Rüstəmxanlıya etiraz edib: “Biri qoltuğuna 5-10 adamı vurub, Rusiyada işlədir. Bunun pensiya təminatı, səhiyyə məsələsi var. 20 ildən sonra da o insanlar Azərbaycana gəlir, pensiya, sosial sığorta məsələləri necə olacaq? Bu qul əməyidir, bunun qarşısını almaq lazımdır”

Millət vəkili Çingiz Qənizadə də insan alveri hallarının qarşısını alınması üçün hüquqi şəxslərin bu işlə məşğul olmasının daha məqbul olduğunu vurğulayıb.

Vitse-spiker Ziyafət Əsgərov isə izahların yetərli olduğunu qeyd edib: “Qanunu oxuyub şərh etmək lazımdır ki, belə populist çıxışlara yol verilməsin”.

Hər iki qanun layihəsi qəbul edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR