Cavid Qurbanov: "Şimal-Cənub dəhlizinin yaradılması istiqamətində işlər sürətlənib"

Cavid Qurbanov: "Şimal-Cənub dəhlizinin yaradılması istiqamətində işlər sürətlənib"
# 09 iyun 2016 08:13 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin yaradılması istiqamətində işlər sürətlə gedir. "APA-Economics" xəbər verir ki, bunu "Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov deyib.

"Sabah İranın nəqliyyat nazirinin tikinti məsələləri üzrə müavini Bakıya səfər edəcək və bu məsələlər onunla müzakirə olunacaq. Yəqin ki, ilin sonunadək dəhlizin komponentləri olan bəzi dəmir yolu xətləri birləşdiriləcək. İlkin mərhələdə biz Astara-Astara dəmir yolu xəttini birləşdirmək niyyətimiz var. Üstəlik, 1,7 km İran ərazisində işlər aparılacaq. Bununla da, Rusiyanın Sankt-Peterburq şəhəri və Finlandiyanın paytaxtı Helsinkiyə qədər yüklərin daşınması mümkün olacaq".

Xatırladaq ki, bu ilin iyunun 2-də Rusiyanın Soçi şəhərində Cavid Qurbanov rusiyalı və iranlı həmkarları Oleq Belozyorov və Mohsen Purseyid Ağayi ilə görüşüb. Görüşün sonunda nəqliyyat dəhlizinin inkişafının sürətləndirilməsi üçün Şimal-Cənub dəhlizində Koordinasiya Komitəsinin yaradılmasına dair qərar qəbul olunub və bununla bağlı müvafiq protokol imzalanıb.

Qeyd edək ki, Şimal-Cənub dəhlizi Hindistan, İran körfəzi ölkələri, İran və Azərbaycandan keçməklə daha sonra Rusiya, Baltik dənizi hövzəsi ölkələri və Skandinaviya ölkələrinə qədər uzanır. Finlandiyanın dəhlizə qoşulması nəqliyyat dəhlizinin potensialını daha da gücləndirəcək.

Xatırladaq ki, layihəyə 2000-ci il sentyabrın 12-də Sankt-Peterburq şəhərində Rusiya, İran və Hindistan arasında imzalanan razılaşma ilə start verildi. 2005-ci il sentyabrın 20-də layihəyə Azərbaycan da qoşulub. 2016-cı il aprelin 20-də isə Azərbaycanla İran sərhədində, Şimal-Cənub dəhlizi çərçivəsində dəmir yolu körpüsünün tikintisinə start verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR