Bu il sahibkarlara SKMF xətti ilə 250 mln. manata yaxın güzəştli kredit verilib

Bu il sahibkarlara SKMF xətti ilə 250 mln. manata yaxın güzəştli kredit verilib
# 30 oktyabr 2014 13:14 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu gün İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair növbəti işgüzar forumu Neftçala rayonunun Xıllı kəndində keçirib.

Nazirlikdən “APA-Economics”ə verilən məlumata görə, işgüzar forumda 80-ə yaxın sahibkar iştirak edib.

SKMF-in icraçı direktoru Şirzad Abdullayev bildirib ki, indiyədək Aran iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 9 025 investisiya layihəsinin maliyyələşdirilməsinə 402,8 mln. manat güzəştli kredit verilib: “Digər sahələrlə yanaşı, müasir texnologiyaların tətbiqinə əsaslanan logistika mərkəzlərinin, üzümçülük, intensiv bağçılıq, istixana təsərrüfatlarının, ət, süd, meyvə-tərəvəz emalı, quşçuluq fabrikləri, quru meyvə, tikinti materialları istehsalı müəssisələrinin yaradılması və s. sahələr üzrə investisiya layihələri maliyyələşdirilib, 32 minə yaxın yeni iş yerinin açılması imkanı yaradılıb. İşgüzar forum çərçivəsində Neftçala və ətraf rayonlardan olan 51 sahibkara 2,8 mln. manat güzəştli kredit verilib. Verilmiş kreditlər əsasən, heyvandarlıq, quşçuluq, bağçılıq, tərəvəzçilik, çörək istehsalı və s. sahələrin inkişafına yönəldiləcək. Bu kreditlərin reallaşdırılması hesabına 100-ə yaxın yeni iş yerinin açılması mümkün olacaq”.

Ümumilikdə, bu il ərzində respublika üzrə 4 611 sahibkara 248,6 mln. manat güzəştli kredit verilib ki, bu kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması 10 200-dən çox yeni iş yerinin yaradılmasına imkan verir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR