"Müəyyən vaxtlarda Tarix İnstitutuna edilən çağırışlar institutun Elmi şurasının iclaslarında geniş müzakirə olunur".
APA xəbər verir ki, bunu yanvarın 6-da AMEA-nın prezidenti, akademik İsa Həbibbəylinin iştirakı ilə AMEA-nın A. A. Bakıxanov adına Tarix İnstitutunun qarşısında duran vəzifələr və müəssisədə aparılan struktur islahatlarının müzakirəsi zamanı İnstitutun baş direktoru, professor Kərim Şükürov bildirib.
O deyib ki, hazırda Azərbaycan tarixinin dövrləşdirilməsi üzərində çalışırlar: “Ən fundamental məsələlərdən olan Azərbaycan tarixinin etnogenezi və Azərbaycanın tarixi coğrafiyası məsələləri istiqamətdə də fəaliyyətimizi davam etdiririk”.
AMEA-nın prezidenti İsa Həbibbəyli Akademiyada bu istiqamətdə tədqiqatlar aparmaq məqsədilə Rəyasət Heyətinin qərarı ilə Tarix İnstitutunda Qərbi Azərbaycan tarixi şöbəsi, Folklor İnstitutunda Qərbi Azərbaycan folkloru şöbəsi və Nəsimi adına Dilçilik İnstitutunda Toponimika şöbəsinin yaradıldığını söyləyib. O qeyd edib ki, Tarix İnstitutunda yeni yaradılan Qərbi Azərbaycan tarixi şöbəsi Akademiyada bu istiqamətdə aparılan tədqiqatların mərkəzi olmalıdır.
Akademik İsa Həbibbəyli, o cümlədən Cənubi Azərbaycan tarixinin də geniş şəkildə araşdırılmasının əhəmiyyətini bildirib.