Şəki “İpək Yolu" VI Beynəlxalq musiqi festivalı başa çatıb

Şəki “İpək Yolu" VI Beynəlxalq musiqi festivalı başa çatıb
# 06 iyul 2015 06:57 (UTC +04:00)

Şəki. Vüqar Heydərov - APA. Şəki “İpək Yolu" VI Beynəlxalq musiqi festivalı başa çatıb.

APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, Azərbaycan Bəstəkarlar İttifaqı və Şəki Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə iyulun 1-də başlayan festivalın iyulun 5-də Şəki şəhərindəki Yay teatrında təntənəli bağlanış mərasimi olub.

Mərasimdə Azərbaycan Bəstəkarlar İttifaqının “Baku Sinfonietta” orkestri konsert proqramı ilə çıxış edib.

Tədbirdə çıxış edən, festivalın bədii rəhbəri, Azərbaycan Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə Azərbaycanın qədim diyarı olan Şəkidəki Yay teatrında daha bir beynəlxalq festivalın son akkordlarının çalındığını vurğulayıb, musiqi bayramının yüksək səviyyədə keçirilməsini təmin etdiyinə görə festivalın iştirakçılarına və musiqiçilər adından şəhər rəhbərliyinə təşəkkürünü bildirib.

Mərasimin sonunda Şəki “İpək Yolu” VI Beynəlxalq musiqi festivalının yüksək səviyyədə keçirilməsini təmin etdiyinə görə festivalın bədi rəhbəri, Azərbaycan Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadəyə festivalın rəmzi simvolu təqdim olunub.

Bağlanış mərasimi möhtəşəm atəşfəşanlıqla başa çatıb.

Qeyd edək ki, 5 gün davam edən Şəki “İpək Yolu” VI Beynəlxalq musiqi festivalında rayon sakinləri və qonaqlar Yaponiyanın “Kamiqata Sumiyoşi Kai” musiqi ansamblının, Türkiyənin Çukurova Dövlət Simfonik Orkestrinin, Polşanın “Ac-cello Duo” musiqi ansamblının, habelə Azərbaycanda yaşayan azsaylı xalqların xor, mahnı və rəqs kollektivlərinin konsert proqramlarını dinləyiblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR