Böyük Britaniyanın ən nüfuzlu qadın alimi Cənubi Qafqaz Forumuna qatılacaq

Böyük Britaniyanın ən nüfuzlu qadın alimi Cənubi Qafqaz Forumuna qatılacaq
# 09 aprel 2013 08:15 (UTC +04:00)

Bakı. Mübariz Aslanov - APA. Dünya şöhrətli ingilis alimi Baronessa Susan Greenfield Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və Madrid Klubunun birgə təşkilatçılığı ilə keçirilən Cənubi Qafqaz Forumunda iştirak etmək üçün Azərbaycana gəlir.

Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Baronessa Greenfield Oxford Universitetinin Linkoln Kollecinin direktoru, Edinburqun Heriot-Vatt Universitetinin rektoru, İngiltərə Kraliyyət İnstitutunun isə ilk və yeganə qadın rəhbəridir.

BBC kanalında xüsusi elmi verilişlərin müəllifi, İngiltərə Lordlar Palatasının üzvü olan Baronessa Greenfield insan beyni ilə bağlı bir sıra məşhur elmi araşdırma kitablarının da müəllifidir. Otuza yaxın fəxri doktorluğun, dünyanın ən qədim kitabxanası olan İsgəndəriyyə Kitabxanasının Himayədarlar Şurasının üzvü, Fransa Hökumətinin Fəxri Legion Ordeninin sahibidir. O, nəinki Böyük Britaniya Krallığının, eləcə də dünyanın ən nüfuzlu qadın alimlərindən biri sayılır. “Canlı ulduz” adlandırılan Baronessa Greenfield gündəlik istifadə etdiyimiz bir sıra kompüter məntiq oyunlarının müəllifi, "Gəncə 4000" layihəsinin iştirakçısıdır.

Qeyd edək ki, Cənubi Qafqaz Forumu İsgəndəriyyə Kitabxanası, UNESCO-nun sabiq direktoru Federiko Mayor Zaragozanın rəhbərlik etdiyi “Fundacion de Pas” və Gəncə şəhər İcra Hakimiyyətinin dəstəyi ilə reallaşdırılır. Forum beynəlxalq münasibətləri öyrənən və çox əhəmiyyətli "beyin mərkəz"lərindən sayılan “Chatham House”-un qanunları ilə tənzimlənir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR