FHN DYNX Gəncədə regional seminar keçirib

FHN DYNX Gəncədə regional seminar keçirib
# 20 noyabr 2014 13:12 (UTC +04:00)

Bakı. Fuad Cəfərov-APA. Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidməti (DYNX) noyarın 20-də Gəncə şəhərində “Payız-qış mövsümündə yanğın təhlükəsizliyi tədbirləri: yerli icra hakimiyyəti orqanları və qurumlar qarşısında duran vəzifələr” mövzusunda regional seminar-müşavirə keçirib.

FHN DYNX-dan APA-ya verilən məlumata görə, seminar-müşavirədə FHN DYNX-ın yanğına qarşı təbliğat şöbəsinin rəisi, daxili xidmət polkovniki Hikmət Xudiyevin «Yaşayış məntəqələrinin yanğın təhlükəsizliyinin təmin olunmasında yerli icra hakimiyyəti və qurumların vəzifələri» mövzusunda məruzəsi dinlənilib. Məruzədə yanğın təhlükəsizliyinin təmin olunması ilə əlaqədar yeri icra hakimiyyəti orqanları qarşısında duran vəzifələr açıqlanıb, bu vəzifələrin icrasında Mənzil Kommunal Təsərrüfatı Birlikləri, Mənzil Kommunal İstismar Sahələri, bələdiyyə qurumları, Qaz İstismar, Enerji Təchizatı və Satışı İdarələrinin üzərinə düşən vəzifələrdən söhbət açılıb. Məruzədə bir daha vurğulanıb ki, qaz təchizatı və istehlakı sahəsində təhlükəsizlik qaydalarına əməl olunması, insanların həyat və sağlamlığı üçün təhlükə yaradan və bədbəxt hadisələrlə nəticələnən, ölkə iqtisadiyyatına və vətəndaşlara əhəmiyyətli ziyan vurulmasına səbəb olan qanun pozuntularının qarşısının alınması istiqamətində müvafiq icra strukturları və dövlət təsisatları tərəfindən təxirə salınmadan qabaqlayıcı tədbirlərin hazırlanıb həyata keçirilməsi ən prioritet məsələdir.

Seminar-müşavirədə maarifləndirci tədbirlərə geniş yer verilmiş, «Qaz təsərrüfatı: yanğın, partlayış, zəhərlənmə təhlükəsindən necə mühafizə olunmalı», «Elektrik təsərrüfatı ilə bağlı yanğın təhlükəsizliyi tədbirləri" mövzusunda çıxışlar dinlənilmiş, «Dəm qazından ehtiyatlı olun!» adlı qısametrajlı film nümayiş etdirilmişdir.

Müşavirədə çıxış edənlər FHN tərəfindən həyata keçirilən yanğına qarşı təbliğat xarakterli tədbirlərin əhəmiyyətini qeyd etmiş, maarifləndirmə işlərində yerli icra hakimiyyəti orqanları ilə qarşılıqlı fəaliyyətin zəruriliyindən, hər bir müəssisə və təşkilatda yanğına qarşı təbliğat xarakterli tədbirlərin keçirilməsinin vacibliyindən danışmışlar.

Əhali arasında yanğına qarşı təbliğat işində istifadə olunması üçün Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən nəşr etdirilmiş yanğın təhlükəsizliyi qaydalarını təbliğ edən plakat və yaddaş vərəqələri seminar-müşavirə iştirakçılarına paylanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR