Ombudsman Norveç Miqrasiya Xidmətinin nümayəndələrini qəbul edib

Ombudsman Norveç Miqrasiya Xidmətinin nümayəndələrini qəbul edib
# 09 aprel 2013 16:55 (UTC +04:00)

Bakı – APA. Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanova Norveç Krallığı Miqrasiya Xidmətinin İnformasiya Mərkəzinin rəhbəri xanım Vibeke Kolderup və mərkəzin əməkdaşı xanım Toniye Brunu qəbul edib.

Ombudsman Aparatının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, qonaqları bu ölkənin Azərbaycandakı səfirliyinin məsul əməkdaşı xanım Aina Dalland-Jorgensen müşayiət edib.

Görüşün məqsədi Ombudsmanın miqrantların insan hüquqlarının müdafiəsi sahəsində fəaliyyəti, həyata keçirdiyi tədbirlərlə tanışlıq, onlara müvafiq xidmətlərin göstərilməsinin təcrübədə tətbiqinə dair fikir və məlumat mübadiləsi aparmaq olub.

Müvəkkil Ermənistanın Azərbaycana qarşı iyirmi ildən artıq müddətdə davam edən təcavüzü nəticəsində məcburi köçkünlərin pozulmuş hüquqlarının müdafiəsinin ölkədə prioritet problem olduğunu və bu istiqamətdə mühüm işlərin görüldüyünü, bununla yanaşı, respublikamızda müxtəlif səbəblərdən özünə sığınacaq axtaran məcburi miqrantların da məskunlaşdığını diqqətə çatdırıb. E.Süleymanova Azərbaycandan köçüb Rusiya Federasiyasında miqrant ömrü yaşayan soydaşlarımızla, o cümlədən əmək miqrantları ilə bağlı bu ölkənin İnsan Hüquqları üzrə Müvəkkili ilə birlikdə müvafiq səlahiyyətli şəxslərlə görüşdüyünü, azərbaycanlı miqrantların saxlandığı yerlərə baş çəkərək onların vəziyyətini araşdırdığını, problemlərinin həllində, hətta bir qisminin ölkəyə qaytarılmasında yardımçı olduğunu söyləyib.

E.Süleymanova Ombudsman Aparatında qaçqın, məcburi köçkün və miqrantların hüquqlarının müdafiəsi sektorunun fəaliyyət göstərdiyini, bu sektorda eyni zamanda əcnəbilərin, vətəndaşlığı olmayan şəxslərin və miqrantların da müraciətlərinə baxıldığını bildirib.

Qonaqlar Müvəkkilə səmimi qəbul, faydalı fikir mübadiləsi və səmərəli təkliflər üçün təşəkkür ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR