Paşha Bank
Bank Of Baku

Nazir müavini: Azərbaycan dilində süni intellekt imkanlarının inkişafı istiqamətində iş aparılır

Nazir müavini: Azərbaycan dilində süni intellekt imkanlarının inkişafı istiqamətində iş aparılır
# 27 oktyabr 2026 12:47 (UTC +04:00)

“Azərbaycanda 16-18 yaş arası şəxslərin sosial media hesablarından istifadəsinə valideyn razılığı ilə icazə veriləcək”.

APA xəbər verir ki, bunu Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəşad Həsənov Bakıda keçirilən VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun “Mədəniyyətlərarası rəqəmsal gələcək: rəqəmsal və süni intellekt erasına daxil olan cəmiyyətlər üçün mədəniyyətlərarası rəqəmsal səriştə” adlı plenar sessiyasında çıxışı zamanı deyib.

Nazir müavini bildirib ki, bu ilin əvvəlində uşaqların sosial mediada təhlükəsizliyi ilə bağlı qanun qəbul edilib: “Bununla Azərbaycan 16 yaşdan aşağı uşaqlar üçün sosial medianı qadağan edən ölkələrdən biri olub. 16-18 yaş arasında uşaqlara isə yalnız valideyn razılığı ilə sosial media hesablarından istifadəyə icazə verilir”.

Rəşad Həsənov qeyd edib ki, rəqəmsal dünyada uşaqlar müxtəlif təhlükələrlə üzləşirlər, bunlara zərərli məzmun, asılılıq yaradan dizayn, tanımadıqları şəxslərlə əlaqə və digər rəqəmsal risklər daxildir.

O vurğulayıb ki, texnologiya uşaqlara xidmət etməli, uşaqlar texnologiyanın mənfi təsirlərinin hədəfinə çevrilməməlidir.

Rəşad Həsənov bildirib ki, Azərbaycanın 2026-2028-ci illər üzrə rəqəmsal inkişaf strategiyası və fəaliyyət planında əsas meyarlardan biri rəqəmsal xidmətlərin yaşından, dilindən və rəqəmsal bacarıqlarından asılı olmayaraq hər bir vətəndaş üçün əlçatan olmasıdır.

Nazir müavini deyib ki, bu istiqamətdə əsas məsələlərdən biri dildir. Onun sözlərinə görə, Azərbaycan öz dilində süni intellekt imkanlarının inkişaf etdirilməsi istiqamətində iş aparır.

“Biz bu imkanları özümüz inkişaf etdiririk. Məqsəd yalnız dil modellərinin yaradılması deyil, həm də onların dövlət xidmətlərinin göstərilməsinə kömək etməsidir”, - Rəşad Həsənov qeyd edib.

Onun sözlərinə görə, dövlət xidmətlərində nitqdən mətnə çevirmə texnologiyalarının tətbiqinə başlanılıb və my.gov tətbiqində ilk rəqəmsallaşdırılmış xidmətlər istifadəyə verilib. İlin sonunadək my.gov platformasında rəqəmsallaşdırılmış xidmətlərin sayının artırılması planlaşdırılır.

Nazir müavini rəqəmsal savadlılığın artırılmasının da mühüm istiqamət olduğunu vurğulayıb: “Biz hesab edirik ki, hər bir vətəndaş süni intellekti və kibertəhlükəsizliyi başa düşməlidir. Bura elektron məktub yazmaq, saxta xəbərləri tanımaq, dələduzluqları aşkar etmək və s. daxildir”.

O əlavə edib ki, müxtəlif qruplar üçün bir sıra təlim proqramları həyata keçirilir: “Bunlardan biri 275 qurumdan 25 mindən çox dövlət qulluqçusunu əhatə edən “Digital Horizon” proqramıdır və onların yaxın aylarda təlimlərə cəlb edilməsi planlaşdırılır”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR