Respublika Bitki Mühafizə Mərkəzinin rəisi: "Bu il iqlim şəraiti baxımından kənd təsərrüfatı üçün uğurlu il deyil"

Respublika Bitki Mühafizə Mərkəzinin rəisi: "Bu il iqlim şəraiti baxımından kənd təsərrüfatı üçün uğurlu il deyil"
# 10 iyul 2014 15:44 (UTC +04:00)

Ağcabədi. Teymur Zahidoğlu - APA. "Ötən illərlə müqayisədə 2014-cü ildə havaların quraq keçməsi zərərli alaq otlarının, gəmirici və həşəratların çoxalmasına səbəb olub". Bunu APA-nın Qarabağ bürosuna açıqlamasında Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidməti Respublika Bitki Mühafizə Mərkəzinin rəisi Camal Quliyev deyib. O bildirib ki, bu il kənd təsərrüfatını ciddi təhdid altına alan bütün təhlükələr aradan qaldırılıb. Bu məqsədlə dövlət tərəfindən kifayət qədər vəsait ayrılıb, lazım olan dərmanlar alınıb.

C. Quliyev qeyd edib ki, son illər əkin və otlaq sahələrini yeni bir təhlükə mənbəyi bürüməyə başlayıb. Bu, tikanlı quş üzümü adlı bitkidir. Mənşəcə Kanadadan olan bu alaq otu xüsusilə bostan və tərəvəz məhsullarının inkişafına mane olur. Bu alaq otunun daha çox Ağdam, Laçın və Şəki rayonları ərazisində çoxaldığı müşahidə edilir.

Mütəxəssislər iqlim şəraitindən asılı olaraq 2014-cü ili alaq otları və zərərvericilərin çoxalması üzündən kənd təsərrüfatı sahəsi üçün o qədər də əlverişli il hesab eləmirlər. Camal Quliyevin sözlərinə görə, işğal altındakı Azərbaycan torpaqlarından siçanabənzər gəmiricilərin və "Mərakeş çəyirtkəsi" kimi tanınan həşəratların əvvəlki illərlə müqayisədə artımı da müşahidə olunur.

Respublikadakı əkin sahələrinin, bitki örtüklərinin mühafizəsi məqsədilə artıq konfrans xarakterli dörd regional tədbir keçirilib. Zərərli alaq otlarına və zərərvericilərə qarşı tədbirlər payız-qış aylarında da davam etdiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR