Neft-qaz sənayesindən yazan jurnalistlərə təlim keçilib

Neft-qaz sənayesindən yazan jurnalistlərə təlim keçilib
# 21 iyul 2014 15:58 (UTC +04:00)

Bakı. Aynur Əliyeva - APA-Economics. Bu gün SOCAR-AQŞ MMC-də (İnteqrə olunmuş qazma və quyu xidmətləri) jurnalistlərə ilkin texniki biliklərin verilməsi və qazma sənayesi haqqında məlumatların çatdırılmasına həsr edilmiş təlim keçirilib.

APA-Economics”in xəbərinə görə, tədbirdə SOCAR-AQŞ MMC-nin rəhbəri Ramin İsayev çıxış edərək, cəmiyyətin yaranma tarixi, Azərbaycanın ilk dəfə olaraq sənaye üsulu ilə neft hasilatına başlaması, o cümlədən bütün bu tarixi proseslərin ictimaiyyəti çatdırılmasında mətbuatın oynadığı rolundan danışıb.

R.İsayev qeyd edib ki, Azərbaycanın sənaye üsulu ilə neftin istehsalına məhz 1847-1850-ci illər arasında keçib. Bu iqtisadi inkişaf, sənayenin inkişafı öz arxasınca mədəni həyatın digər sahələrinin də inkişafına təkan verib: “Bundan sonra Azərbaycan mədəni həyatında intibah dövrü başlayıb, mətbuat yaranıb, ziyalılarımız yetişib. Qeyd etmək istərdim ki, bizim əsas məqsədimiz Azərbaycanın qazmasının tarixi qabaqcıl rolunu dünya qazma sənayesində bərpasından ibarətdir. Son dövrlər qazma sənayesində yeniliklərə imza atan qazma şirkətiyik. Son vaxtlar ən sürətlə qazılmış quyu, Azərbaycan milli qazma şirkəti tərəfindən ilk dəfə horizontal quyunun planlaşdırılması və qazılması işləri məhz bizim müəssisəmiz tərəfindən həyata keçirilib”.

Daha sonra Mətbuat Şurasının sədri Əflatun Amaşov çıxış edib və Azərbaycan milli mətbuatının yaranma tarixi, onun keçdiyi yollar və bu gün ölkənin inkişaf edən iqtisadiyyatında mətbuatın rolundan danışıb. O, jurnalistikanın hazırkı problemlərinə toxunaraq, ixtisaslaşdırılmış jurnalistlərin hazırlanmasına ehtiyac olduğunu deyib.

Tədbirin gedişi çərçivəsində SOCAR-AQŞ MMC Azərbaycan milli mətbuatının 139-cu ili münasibətilə bir sıra jurnalistləri mükafatlandırıb və bu cür maarifləndirici tədbirlərin əhəmiyyətindən bəhs olunub.

Təlimdə Sağlamlıq, Texniki Təhlükəsizlik və Ətraf Mühitin Mühafizəsi (STTƏMM) məsələləri üzrə müavin Samir Allahverdiyev bu sahədə həyata keçirilən işlər və təlimlər haqda məlumat verib. O, şirkətin yarandığı 2007-ci il tarixindən bu vaxta qədər 116 845 nəfərə təlim keçildiyini açıqlayıb.

SOCAR-AQŞ MMC-nin qazma üzrə mühəndisi Fərxan Cabbar isə təqdimat zamanı neft və qaz quyularının qazılması, qazma işlərinin həyata keçirilmə proseslərindən bəhs edib. Həmçinin qazma qurğularının növləri, qazma üsullarından, şirkətin tətbiq etdiyi müasir avandanlıqlardan danışıb.

Qeyd edilib ki, Xəzərin Azərbaycan sektorunda yerləşən “Ümid” və “Qərbi Abşeron” yataqlarında qazma işləri 2014-cü ildən SOCAR-AQŞ tərəfindən aparılacaq. “Qərbi Abşeron” yatağında 20 saylı DDSÖ-dən orta dərinliyi təxminən 1000 m olan 10 quyunun qazılmasını planlaşdırır. Bu quyuların hər birindən 20 ton neft çıxarılması gözlənilir.

Tədbirdə həmçinin geoloji işlərin aparılmasına dair təqdimat keçirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR