Gəncədə mətbuat işçiləri Əsgər ağa Goraninin məzarını ziyarət ediblər - FOTO

Gəncədə mətbuat işçiləri Əsgər ağa Goraninin məzarını ziyarət ediblər - <span style="color: red;">FOTO
# 22 iyul 2014 10:53 (UTC +04:00)

Gəncə. Azər Məmmədli - APA. Azərbaycan milli mətbuatının yaranması günündə Gəncədə fəaliyyət göstərən qəzet , jurnal və informasiya agentliklərinin əməkdaşları, eləcə də televiziya kanallarının bölgədəki təmsilçiləri Azərbaycanın ilk jurnalistlərindən olan Əsgər Ağa Goraninin məzarını ziyarət ediblər.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, Həsən bəy Zərdabinin tələbəsi və məsləkdaşı olan Əsgər ağa Goraninin 1910-cu ildə 53 yaşında ikən vəfat edib, Gəncənin qədim “Səbzikar” qəbiristanlığında dəfn olunub.

“Qarabağnamə”nin müəllifi olan Mirzə Adıgözəl bəyin nəvəsi, 1857-ci ildə Gəncə (Yelizavetpol) qəzasının Goran kəndində dünyaya göz açan Əsgər ağa Haqverdi ağa oğlu Adıgözəlov-Gorani ilk təhsilini Gəncə şəhər məktəbində aldıqdan sonra Bakıda gimnaziyada oxuyub və oranı qızıl medalla bitirib. Sonra Moskvada Petrovski-Razumovski adına Kənd Təsərrüfatı və Meşəçilik Akdemiyasında torpaqşünaslıq üzrə ali təhsil alıb.

Hələ gimnaziya tələbəsi ikən o, müəllimi Həsən bəy Zərdabinin təşəbbüsü ilə tamaşaya qoyulmuş Mirzə Fətəli Axundovun komediyalarında baş rolları ifa edib. Azərbaycan milli teatrının yaranması faktı kimi tarixə düşmüş, 1873-cü ilin martın 10-da oynanılan “Hekayəti-Vəziri xani Lənkəran” tamaşasında Teymur ağa , bir qədər sonra, aprelin 17-də göstərilən “Hekayəti-mərdi xəsis”də isə Hacı Qara rollarını ifa edən Əsgər ağa ilk səhnə aktyorlarımızdan sayılır.

Moskvada təhsil alarkən, Azərbaycanın ilk milli mətbu orqanı olan “Əkinçi” qəzetinin ən fəal yazarlarından olan Əsgər ağanın bu qəzetdə 39 məqalə və məktubu çap olunub. Yaranmaqda olan müasir baxışlı milli ziyalı təbəqəsinin öncüllərindən olan Əsgər ağanın istər məqalələri, istər də müəllimi Həsən bəyə və dostlarına yazdığı məktubları onun maarifçi-tərəqqipərvər fikir və əməlinin kiçik nümunələridir. Bu məktublardan Əsgər ağanın xalq arasında maarif işinin gücləndirilməsinə dair fikirləri, onun məktəblər üçün riyaziyyat, tarix, coğrafiya və əlifba kitabları tərtib etdiyi, Gəncəyə dönərkən burada jurnal nəşr etmək niyyəti və digər ideyaları aydınlaşır.

Əsgər ağa həmçinin Ağa Məhəmməd Şah Qacarın Qafqaza yürüşündən bəhs edən “Qara yel” tarixi romanının, “Qocalıqda yorğalıq” pyesinin və “Hənək, hənək, axırı dəyənək” vodevilinin, A. S. Puşkin və M. Y. Lermontovdan tərcümələrin müəllifidir.

Ali təhsilini başa vurduqdan sonra Əsgər ağa bir müddət Tiflis və Kutaisdə, daha sonra Gəncəyə qayıdaraq burada bir sıra dövlət vəzifələrində çalışıb. 1905-ci ildə isə gəncəlilər onu özlərinə rəhbər seçiblər. Ömrünün son 5 ilində Gəncə şəhər Bələdiyyəsinin sədri işləyən Əsgər ağa Gorani özünün maarifçilik və xeyriyyəçilik əməlləri ilə tarixə düşüb. Onun təşəbbüsü və bir çox hallarda vəsaiti ilə Gəncədə biri qızlar üçün olmaqla dörd məktəb, bir xəstəxana açılıb, sahil bağı salınıb, yollar və küçələr abadlaşdırılıb, yeni binalar inşa edilib, dahi Nizaminin qəbri təmir olunub...

104 il əvvəl Əsgər ağanın dəfnində bütün Gəncə iştirak edib. Zaqafqaziyanın bütün qəzetləri ona xatirə yazıları dərc ediblər. Gəncəlilər Əsgər ağanın məzar-türbəsinin də “Səbzikar”da ən hündür olmasını qərarlaşdırıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR