Dələduzluqda təqsirləndirilən keçmiş hakim məhkəmədə ifadə verib

Dələduzluqda təqsirləndirilən keçmiş hakim məhkəmədə ifadə verib
# 25 noyabr 2014 14:10 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün Gəncə Ağır Cinayətlər Məhkəməsində dələduzluq və rüşvətxorluqda təqsirləndirilən keçmiş hakim Həsən Əliyev barəsində olan cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

APA-nın məlumatına görə, iclasda zərərçəkmiş Ramazan Səlimov proses iştirakçılarının suallarını cavablandırıb.

Daha sonra təqsirləndirilən Elman Məmmədov ifadə verib. O, R. Səlimovla Həsən Əliyevi tanış etdiyini bildirib. E. Məmmədov Həsən Əliyevlə Ramazan Səlimov arasında olan danışıqlardan məlumatı olmadığını deyib. O, R. Səlimovdan pul istəmədiyini, onun bağında və evində olmadığını, Həsən Əliyevlə isə dost olduğunu bildirib.

Prosesdə təqsirləndirilən Həsən Əliyev də ifadə verib. H. Əliyev ittihamla razılaşmadığını deyib.

Proses dekabrın 5-də davam etdiriləcək.


İttiham aktına görə, Rusiyadan gələn iş adamı Ramazan Səlimov işə düzəlmək üçün 2011-ci ildən tanıdığı Elman Məmmədova müraciət edib. E.Məmmədov isə onu Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Həsən Əliyevlə tanış edib. Həsən Əliyev R.Səlimovdan işə düzəltmək adı ilə 600 min manat pul alıb. Lakin sonradan pulu qaytarmayıb. Bundan sonra R.Səlimov polisə şikayət edib. Şikayət əsasında cinayət işi başlanıb və E.Məmmədov həbs olunub.

İstintaq dövründə Həsən Əliyevə qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq törətmə) maddəsi ilə bərabər, Cinayət Məcəlləsinin 312-ci (rüşvət vermə) maddəsi ilə də ittiham elan olunub. Lakin barəsində həbs-qətimkan tədbiri seçilməyib.

Prezident İlham Əliyev Həsən Əliyevin səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi haqqında sərəncam imzalayıb. Buna səbəb kimi Həsən Əliyevin qanunvericiliyin tələblərini dəfələrlə kobudcasına pozması göstərilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR