Azərbaycan Yazıçılar Birliyində Fazil Hüsnü Dağlarcanın 100 illik yubileyi ilə əlaqədar mərasim keçirilib

Azərbaycan Yazıçılar Birliyində Fazil Hüsnü Dağlarcanın 100 illik yubileyi ilə əlaqədar mərasim keçirilib
# 16 oktyabr 2014 16:48 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Azərbaycan Yazıçılar Birliyində (AYB) türk şairi Fazil Hüsnü Dağlarcanın 100 illik yubileyi ilə əlaqədar mərasim keçirilib.

AYB-nin mətbuat xidmətinin rəhbəri Xəyal Rzanın APA-ya verdiyi məlumata görə, xalq yazıçısı Anar Fazil Hüsnü Dağlarca ilə bağlı xatirələrindən, görüşlərindən söz açıb: “Dünyanın böyük şairlərindən biri, türk ədəbiyyatında çox böyük, önəmli yer tutan Fazil Hüsnü Dağlarca ilə tanışlığımdan qürur duyuram. O çox inadkar, həssas, incə qəlbli insan idi. Onun xatirəsi bizim üçün həmişə əzizdir”.

Fazil Hüsnü Dağlarcanın həyat və yaradıcılığına həsr etdiyi “Fazil Hüsnü Dağlarca – Dahinin tənhalığı” kitabının müəllifi Tofik Məlikli isə çıxışı zamanı şairin dil xadimi kimi ictimai fəaliyyətindən, müasir Türkiyənin ədəbi dilinin formalaşmasındakı rolundan danışıb.

Millət vəkili Qənirə Paşayeva isə F. Dağlarcanın 100 illik yubileyinin keçirilməsinə görə Azərbaycan Yazıçılar Birliyinə təşəkkür edib: “Dağlarca şair kimi böyüklüyü ilə bərabər, həm də böyük bir aydın, ziyalı, dünya poeziyasına xidmət etmiş bir şəxsiyyətdir. Əgər şair illər sonra xatırlanırsa, unudulmursa, bu, şairin böyüklüyüdür”.

Türkiyənin Azərbaycandakı səfirliyinin ikinci katibi Abdullah Tüylü, səfirliyin kültür və tanıtım müşaviri Seyid Əhməd Arslan, yazıçı Aqşin Babayev, şair Abbas Abdulla, tənqidçi Bəsti Əlibəyli və başqaları şair haqqında fikirlərini tədbir iştirakçıları ilə bölüşüblər.

Tədbirdə AYB-nin Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin sədri, şair Səlim Babullaoğlu F. Dağlarcanın “Sonsuz Mustafa Kamal” şeirini oxuyub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR