İsrailin Azərbaycandakı səfiri: “İsrail hökumətinin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı birmənalı mövqeyi var” - MÜSAHİBƏ

İsrailin Azərbaycandakı səfiri: “İsrail hökumətinin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı birmənalı mövqeyi var” - <span style="color: red;">MÜSAHİBƏ
# 12 iyul 2014 10:06 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. İsrailin Azərbaycandakı səfiri Rafael Harpazın APA-ya müsahibəsi

- Bu gün İsrail-Azərbaycan münasibətlərini necə dəyərləndirmək olar?

- İsrail və Azərbaycan əlaqələri çox yaxşı səviyyədədir. Bu əlaqələr həm dərin, həm də çox genişdir. Siyasi sahədə əlaqələrə baxaq. Keçən il Azərbaycan prezidenti İlham Əliyev Davos İqtisadi Forumunda İsrail baş naziri Binyamin Netenyahu və prezidenti Şimon Pereslə görüşüb. Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov böyük nümayəndə heyəti ilə İsrailə səfər edib. İsrail xarici işlər naziri Adviqor Liberman keçən ay Bakıda olub. Kənd təsərrüfatı naziri Heydər Əsədov, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov İsraildə olublar. Bu yaxınlarda İsrail parlamentinin üzvləri də Azərbaycana gəliblər. İki ölkə arasında imzalanan 3 müqaviləni də qeydə etmək istəyirəm. Adviqor Liberman Bakıda olarkən Elmar Məmmədyarovla ikitərəfli siyasi məsləhətləşmələrlə bağlı müqavilə imzalayıb. Onkologiya sahəsində tibbi müqavilə imzalanıb. Eyni zamanda diplomatik və xidməti pasporta malik şəxslərlə bağlı viza sadələşdirilməsi barədə müqavilə imzalanıb və düşünürəm ki, bu müqavilə oktyabrın əvvəllərində qüvvəyə minəcək. Enerji sahəsində əməkdaşlığı da qeyd etmək istəyirəm. İsrailin idxal etdiyi neftin müəyyən bir hissəsi Azərbaycan neftdir. Son zamanlarda İsraildə qaz yataqları kəşf edilib. Biz bu yataqları necə istismar etməyi bilmirik. Ona görə də Azərbaycanda fəaliyyət göstərən Dövlət Neft Fondu kimi qurumun yaradılması üzərində işləyirik. İstərdik ki, bu sahədə Azərbaycanın təcrübəsindən də yararlanaq. Knessetdən də bununla bağlı Azərbaycana nümayəndələr gəlmişdilər.

İsrail Azərbaycanla turizm, tibb texnologiyaları, kənd təsərrüfatı və su texnologiyaları, yüksək texnologiyalar sahəsində əməkdaşlıq üzərində də çalışırıq. Gördüyünüz kimi əlaqələrimiz dərindir və genişlənməkdədir. Əlaqələrin inkişafında Azərbaycandakı yəhudi icmasının da böyük rolu var. Mən əlaqələrin bu səviyyədə olmasından məmnunam. Azərbaycanın inkişaf edərək əngəlləri necə aşdığını görürük, buna görə də fərəh duyuram.

- Münasibətlərin daha da inkişafı üçün hansı çatışmazlıqların aradan qaldırılması lazımdır?

- Bəzi sahələrdə əməkdaşlığın daha sürətlə inkişaf etməsini istərdik. Bunlardan biri də akademik sferadır. İsraildə təhsil alan azərbaycanlı tələbələrin sayının artdığını görürük. İstəyərdim ki, İsraildəki tələbələr də Azərbaycana gəlsinlər, İsrail və Azərbaycan universitetləri qarşılıqlı əlaqə qursunlar. Bu yaxınlarda İsraildə ən böyük universitetlərdən olan Hayfa Universitetinin nümayəndələrinin Azərbaycana gələrək buradakı universitetlərlə əlaqə qurmaları gözlənilir. Biz Azərbaycan tələbələrini İsraildə çox gözəl qarşılayırıq. Daha çox Azərbaycan tələbələrinin İsraildə təhsil almalarını çox istərdik.

Hazırda Azərbaycan Turizm İnstitutu ilə çox gözəl əlaqələrimiz var. Birgə layihəmiz var və bu layihə çərçivəsində Azərbaycan Turizm İnstitutunun tələbələrini İsrailə 6 aylıq təcrübəyə göndəririk, İsraildəki otellərdə çalışırlar. Onlar geri qayıtdıqdan sonra Azərbaycanla otellərdə, restoranlarda öz töhfələrini verirlər. Bu, turizm sahəsində əlaqələrimizdən biridir.

İstəyərdik ki, kənd təsərrüfatı və yüksək texnologiyalar sahəsində əməkdaşlığımızı genişləndirək. Görüləsi işlərimiz çoxdur, ancaq hazırda əlaqələrimiz çox gözəldir.

- Yeri gəlmişkən, Azərbaycanda sərhəd bölgələrində olmusunuzmu?

- Tovuzun cəbhə bölgəsində yerləşən Ağdam kəndində olmuşuq. Vəziyyəti yerində görmək daha yaxşıdır. Kəndlə sərhəd, təmas xətti arasında 500 metr məsafə var. Kənd icra nümayəndəsi vəziyyətdən, qadın və uşaqların həyatı ilə bağlı təhlükədən danışdı. Biz sizi çox yaxşı başa düşürük. İsrailin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyi məlumdur.

- İsrailin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyində gələcəkdə dəyişikliklər gözlənilə bilərmi? Çünki erməni lobbisinin təsiri ilə İsrail parlamentinin bəzi üzvləri qondarma “erməni soyqırımı” və digər təşəbbüslərlə çıxış edirlər.

- İsrail hökumətinin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı birmənalı mövqeyi var. Bu mövqeyi bu yaxınlarda İsrail prezidenti Şimon Peres bəyan edib. May ayında xarici işlər naziri Aviqdor Liberman da Bakıda olarkən bu mövqeyi bəyan edib. Əgər kimsə nə isə deyirsə, bunun İsrail hökumətinin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyinə heç bir dəxli yoxdur. Bizim mövqeyimiz aydındır. Bizim situasiyanı nəzərə alsaq, problemlərin sülh yolu ilə həllinin tərəfdarıq. İkincisi, biz ATƏT-in Minsk Qrupunu dəstəkləyirik. Üçüncüsü, Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirik. Bu, İsrailin mövqeyidir.

- Bu gün Qəzza zolağında, İsraildə nə baş verir?

- Bu gün səhərə qədər HƏMAS və “İslami-Cihad” terror təşkilatları tərəfindən İsrailə 540-dan artıq raket atılıb. 1, 2, 10, 20 deyil, 540 raketdən söhbət gedir. Hazırda biz burada oturmuşuq, ancaq mən İsrailə atılan 3 raketi görürəm. HƏMAS və “İslami-Cihad” terror təşkilatları bilərəkdən İsrailə bu raketləri atırlar ki, mülki əhalini öldürsünlər. Onlar billə-bilə hospitallardan, məktəblərdən, mülki insanların yaşadıqları ərazilərdən İsrailə raketlər atırlar. Çünki bilirlər ki, İsrail məktəblərə, hospitallara ziyan vurmaq istəməyəcək. Onlar dinc əhalidən qoruyucu vasitə kimi istifadə edir. Dünyada elə bir ölkə yoxdur ki, İsrail kimi bu cür reallıqla yaşasın. Qəzzadan müqəddəs dini məkanlara da raketlər istiqamətləndirilir. 4 milyon israilli bu cür təhlükə ilə üzləşib. Əlbəttə, biz buna cavab verməliyik və Qəzzaya hücum edirik. Biz HƏMAS və “İslami-Cihad” terror təşkilatlarından fərqli olaraq hər bir fələstinlinin ölümündə özümüzü günahkar hiss edir və təəssüflənirik. Lakin bu, HƏMAS və “İslami-Cihad” terror təşkilatlarının günahıdır. Raketlərin atılması 3 həftədir ki, başlayıb, biz susurduq. Lakin artıq onlar hədlərini aşıblar. Yalnız dünən İsrailə 120-dən artıq raket atılıb. Bizim arzumuz odur ki, əmin-amanlıq olsun. Ümid edirik ki, yaxın gələcəkdə HƏMAS və terror təşkilatları birdəfəlik sakitləşəcəklər və İsrailə yönəlik bu fəaliyyətlərini dayandıracaqlar.

Məsələyə böyük çərçivədə regional kontekstdən də baxmaq lazımdır. HƏMAS və “İslami-Cihad” təşkilatları ekstremist yönümlü təşkilatlardır. Eynilə olmasa da, bu təşkilatların ideologiyaları İraq İslam Şam Dövlətinə, “Hizbullah”a oxşayır. Beynəlxalq aləm bizə dəstək verir. Dünən Böyük Britaniyanın xarici işlər naziri Ulyam Heyq, Almaniya kansleri Angela Merkelvə Fransa prezidenti Fransua Olland çıxış etdilər, İsrailə dəstəklərini ifadə etdilər. ABŞ-ın da çox böyük dəstəyini qeyd etmək istərdim. Biz sülhsevər insanlarıq, lakin özümüzü də qorumalıyıq.

- İsrailin Qəzza zolağında quru əməliyyatına başlaması gözlənilirmi? Bu əməliyyatın miqyası və müddəti necə olacaq?

- Bəli, çox yaxında quru əməliyyatı olacaq. Biz bu istiqamətdə hazırlıqlara başlamışıq. Əgər kimsə sizi vurursa, başınızı əyib saxlayacaq, yoxsa cavab qaytaracaqsınız? Cavab qaytaracaqsınız. Bununla belə, biz hələ də Qəzzaya humanitar yardımlar, yemək, dərman vasitələri göndəririk. Dünyada hansı ölkə düşməninə yemək, dərman göndərir? Biz Fələstin xalqına deyil, HƏMAS və “İslami-Cihad” təşkilatlarına qarşı mübarizə aparırıq.

- Bu proseslər 3 israilli gəncin ölümü ilə başladı. Mümkün deyildimi ki, bu 3 gəncin ölümünün araşdırılması ilə bağlı beynəlxalq səviyyədə müstəqil araşdırıla idi və İsrail bu araşdırmanın nəticələrinə müvafiq addımlar ata idi ? Çünki İsrail gənclərin öldürülməsinə çox sərt reaksiya verdi.

- Media bu barədə həqiqətləri tam çatdırmır. Çünki gənclərin oğurlanmasından və öldürülməsindən əvvəl də HƏMAS İsrailə raketlər atırdı. Lakin sonradan raket atılması daha çox intensivləşməyə başladı. Əgər gündə İsrailə 1 raket atılırdısa, məsələn, CNN bu barədə məlumat vermirdi, bu xəbər onlar üçün o qədər də əhəmiyyətli deyildi. Azərbaycan mediasında da bu hadisələr o qədər qabarıq göstərilmirdi. Bu 3 gəncin ölümünün də araşdırılmasına ehtiyac yoxdur, çünki onların HƏMAS tərəfindən öldürüldüyü bilinir. Bunu ancaq HƏMAS edə bilərdi. HƏMAS uşaqları tutan kimi öldürür, bunu bilirik və araşdırmağa ehtiyac yoxdur.

İsrail mülki əhaliyə xəbərdarlıq edir ki, bombalanacaq yeri tərk etsinlər. HƏMAS isə raket, bomba zərbəsi endirərkən fələstinliləri də fikirləşmir. HƏMAS heç bir fərq qoymadan məktəblərə, hospitallara, otellərə, insanların yaşadıqları yerlərə raket atır. Fikirləşirlər ki, nə qədər israilli ölərsə, o qədər yaxşıdır.

Biz bu situasiya ilə bağlı informasiyaları həm də Azərbaycan hökumətinə çatdırmışıq. Xarici işlər naziri Aviqdor Liberman Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarova situasiya barədə məlumat verən məktub göndərib.

O da yaddan çıxmamalıdır ki, İsraildə Azərbaycanın böyük diasporu var. İsraildə 70 minə qədər azərbaycanlı yaşayır. Azərbaycandakı yəhudi icmasının qohumları da İsraildə yaşayır. Hayfa şəhərində azərbaycanlılar daha çoxdur və dünən də Hayfaya raket hücumu olub. Hayfa Bakını xatırladır, dağlıq zonadan dənizə doğru ərazidə yerləşir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR