Eldar Namazov: “Təşkilatlanma işləri başa çatdıqdan sonra kütləvi aksiyalar keçirmək niyyətindəyik”

Eldar Namazov: “Təşkilatlanma işləri başa çatdıqdan sonra kütləvi aksiyalar keçirmək niyyətindəyik”
# 27 mart 2013 09:10 (UTC +04:00)

Bakı. Etibar Məmmədov-APA. “Kütləvi aksiyalar, əhali ilə görüşlər keçirmək, təbliğat üçün bütün imkanlardan istifadə etmək niyyətindəyik”. Bu açıqlamanı APA-ya “El” Hərəkatının İdarə Heyətinin sədri Eldar Namazov verib.

E. Namazov bildirib ki, “El” Hərəkatı qanunda nəzərdə tutulmuş bütün imkanlardan istifadə etməyi qərara alıb. Lakin hələlik təşkilatlanma işlərinə üstünlük verdiklərini deyən E. Namazovun sözlərin görə, Hərəkatın iş planı təsdiqləndikdən sonra bu istiqamətdə konkret addımlar atılacaq: “Təbii ki hər bir siyasi hərəkat cəmiyyətdə təbliğat və təşviqat aparmaq üçün qanunda nəzərdə tutulmuş bütün imkanlardan istifadə etməlidir. “El” Hərəkatının da planlarında bu işlər var. Lakin ilkin mərhələdə biz təşkilatlanma işlərinə üstünlük veririk. Hazırda regionlarda da təşkilatlanma işi uğurla davam edir. Aprelin sonlarında hərəkatın respublika müşavirəsi keçiriləcək və bu müşavirədə təşkilatlanma mərhələsinə qiymət verəcəyik. Eyni zamanda müşavirədə “El” Hərəkatının iş planını təsdiq edəcəyik. Aprelin sonuna kimi Azərbaycanın bütün region, şəhər və rayonlarında təşkilatlanma işini başa çatdırmağı düşünürük. Təşkilatlanma işləri başa çatdıqdan sonra kütləvi aksiyalar, əhali ilə görüşlər keçirmək, təbliğat üçün bütün imkanlardan istifadə etmək niyyətindəyik”.

Hərəkatın seçkilərə öz namizədi ilə qatılmasına gəlincə isə, E. Namazov qeyd edib ki, hərəkat seçkilərə ya öz namizədi ilə qatılacaq, ya da demokratik düşərgənin konsensus yolu ilə müəyyənləşən namizədini dəstəkləyəcək: “Bu məsələ qarşıda gələn proseslərdən asılıdır. Bütün hallarda “El” Hərəkatı seçkilərdə çox fəal iştirak edəcək və öz sözünü deyəcək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR