«AJW Capital Partners» şirkəti iki «Airbus A340» təyyarəsini «Azərbaycan Hava Yolları»na təhvil verib

«AJW Capital Partners» şirkəti iki «Airbus A340» təyyarəsini «Azərbaycan Hava Yolları»na təhvil verib
# 03 may 2013 14:46 (UTC +04:00)

APA-nın xarici mediaya istinadən verdiyi məlumata görə, təyyarələr müəyyən dəyişikliklərdən sonra AZAl-a çatdırılıb.


«AJW Aviation»un texniki direktoru Dipak Şarmanın sözlərinə görə, şirkətin texniki heyəti layihəni AZAL-ın təyin etdiyi vaxtdan əvvəl başa çatdırıb. O, əlavə edib ki, təyyarələrin kabinası, mətbəxi, bəzi funksiyaları modifikasiya olunub, interyeri AZAL-ın tələblərinə uyğun gətirilib.

Sözügedən təyyarələrin alınması AZAL aviaşirkətinə tarixində ilk dəfə uzun məsafəli birbaşa uçuşların gerçəkləşdirilməsinə şərait yaradıb. Belə ki, mayın 10-da açılacaq Bakı-Pekin-Bakı aviareysi üzrə uçuşlar məhz «Airbus A-340» təyyarəsi ilə (həmçinin, «Boeing-767» avialayneri ilə) yerinə yetiriləcək. Bununla yanaşı, AZAL-ın aviaparkına 2014-cü ildə «Boeing-787 Dreamliner» təyyarəsi əlavə olunacaq.

Qeyd edək ki, həmçinin may ayından etibarən AZAL Braziliya istehsalı olan «Embraer» təyyarələrini alacaq. Ümumiyyətlə, bu tipli 6 avialayner alınacaq ki, bunlardan ikisi «Embraer-170», 4-ü isə «Embraer-190» olacaq.

Xatırladaq ki, hazırda AZAL-ın təyyarə parkında 7 «Airbus A-320», 4 «Boeing-757-200», 3 «Airbus A-319», 2 «Airbus A-340» və 2 «Boeing-767-300ER» avialaynerləri mövcuddur. Aviaşirkətin balansında olan 6 ATR tipli təyyarə isə satışa çıxarılaraq realizə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR