Prezident İlham Əliyev Bakıda İslam Əməkdaşlıq Təşkilatının Əmək Mərkəzinin yaradılması təşşəbüsü ilə çıxış edib

Prezident İlham Əliyev Bakıda İslam Əməkdaşlıq Təşkilatının Əmək Mərkəzinin yaradılması təşşəbüsü ilə çıxış edib
# 25 aprel 2013 21:54 (UTC +04:00)

Bakı-APA. Aprelin 25-də Azərbaycan prezidenti İlham Əliyev İslam Əməkdaşlıq Təşkilatı əmək nazirlərinin Bakıda keçirilən konfransının iştirakçılarını qəbul edib. APA-nın məlumatına görə, qonaqları salamlayan dövlət başçısı İlham Əliyev İslam Əməkdaşlıq Təşkilatının əmək nazirlərinin konfransının Bakıda keçirilməsindən məmnunluğunu ifadə edib: “Əminəm ki, konfransın çox yaxşı nəticələri olacaqdır. Onu da qeyd etmək istəyirəm ki, son bir neçə il ərzində bu, İslam Əməkdaşlıq Təşkilatının nazirlər səviyyəsində Bakıda keçirilmiş beşinci konfransıdır. Bundan əvvəl xarici işlər, təhsil, mədəniyyət, turizm nazirlərinin konfransları da Azərbaycanda keçirilib. Bu, özlüyündə bir göstəricidir və onu göstərir ki, Azərbaycan nəinki İslam Əməkdaşlıq Təşkilatının fəal üzvüdür, eyni zamanda, təşkilatın xətti ilə Azərbaycanda çox mötəbər tədbirlər keçirilir. Onu da qeyd etmək istəyirəm ki, 2009-cu ildə Bakı şəhəri “İslam mədəniyyətinin paytaxtı” elan edilmişdi. Bu, çox böyük hörmətin əlaməti idi. Bu şərəfli adı Bakı şəhəri uğurla daşıyır”.

Dövlət başçısı qeyd edib ki, müzakirə olunan məsələlər hər bir ölkə, o cümlədən Azərbaycan üçün çox böyük əhəmiyyət daşıyır. Prezident İlham Əliyev bildirib ki, mövzulardan biri işsizliyin aradan qaldırılmasıdır, yoxsulluğun azaldılmasıdır: “Bu məsələlər bir-biri ilə sıx bağlıdır. Deyə bilərəm ki, Azərbaycanda son illər ərzində bu məsələlərin həllində böyük işlər görülüb. Son on il ərzində bizim ən böyük uğurlarımızdan biri də ondan ibarətdir ki, yoxsulluğun səviyyəsi 50 faizdən 6 faizə, işsizliyin səviyyəsi isə 5,2 faizə düşüb.

Bu, onu göstərir ki, son illər ərzində Azərbaycanda yaşanan tərəqqi və inkişaf insanların rifah halının yaxşılaşmasına bilavasitə öz müsbət təsirini göstərib. Azərbaycanda sosial sahədə infrastruktur məsələlərinin həllində böyük layihələr icra edilir. Bu layihələrin icrası əlbəttə ki, müsbət nəticələrə gətirib çıxarır və gələcək planlarımız da çox aydındır, açıqdır. Əminəm ki, Azərbaycan gələcəkdə inkişaf etmiş ölkələrin sırasına daxil ediləcək. Buna nail olmaq üçün bütün imkanlar var”.

Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycan İslam Əməkdaşlıq Təşkilatının fəal üzvüdür. Dövlət başçısı bildirib ki, İslam Əməkdaşlıq Təşkilatının Bakıda Əmək Mərkəzinin yaradılması məqsədəmüvafiq ola bilər: “Son illər ərzində Azərbaycanda işsizliyin aradan qaldırılması istiqamətində aparılan islahatlar və qazanılan təcrübə hesab edirəm ki, maraqlı ola bilər. Eyni zamanda, İslam Əməkdaşlıq Təşkilatının Bakıda bir qurumunun yaradılması bizim birliyimizi daha da möhkəmləndirə bilər.

Bütövlükdə deyə bilərəm ki, Azərbaycan İslam həmrəyliyinin inkişafı üçün öz rolunu oynayır. Azərbaycan 2011-ci ildə böyük səs çoxluğu ilə dünyanın ən ali qurumu olan BMT Təhlükəsizlik Şurasına üzv seçilib. 155 ölkə bizim namizədliyimizi dəstəkləyib və İslam ölkələrinin dəstəyi xüsusi məna daşıyır. Çünki biz tam əmin idik ki, biz bu dəstəyi qardaş ölkələrdən alacağıq və aldıq. Hazırda ikinci ildir nəinki özümüzü, hesab edirik ki, bütün müsəlman aləmini də BMT Təhlükəsizlik Şurasında təmsil edirik. Digər müxtəlif addımlar atılıb. Hesab edirəm ki, bu addımların İslam aləminin birləşməsinə böyük töhfəsi olub. Biz bundan sonra da bu dəstəyi göstərəcəyik.

Mən bütün qardaş ölkələrə bizə göstərilən dəstəyə görə bir daha öz minnətdarlığımı bildirmək istəyirəm. Əziz qonaqlar, konfransın işinə uğurlar arzulayıram. Xahiş edirəm ki, mənim salamlarımı təmsil etdiyiniz ölkələrin dövlət və hökumət başçılarına çatdırasınız”.

Səudiyyə Ərəbistanının əmək nazirinin müavini Mofarrej əl-Hoqubani Azərbaycanda yüksək inkişafın şahidi olduğunu deyərək ölkəmizdə gördüklərinin digər dövlətlər üçün nümunə olduğunu diqqətə çatdırdı. O, İslam Əməkdaşlıq Təşkilatı əmək nazirlərinin Bakıda keçirilən konfransının əməkdaşlıq baxımından vacib olduğunu deyərək bu tədbirin yüksək səviyyədə təşkilinə və göstərilən qonaqpərvərliyə görə nazirlər adından prezident İlham Əliyevə təşəkkür edib: “Bu gözəl ölkənizdə bizi qəbul etdiyinizə və mehriban qonaqpərvərliyə görə Sizə dərin təşəkkürümüzü bildiririk”.

Sonra Türkiyənin əmək və sosial müdafiə naziri Faruk Çelik çıxış edib. O, bu konfransın əməkdaşlıq əlaqələrini daha da genişləndirəcəyini deyib. Bildirib ki, konfransın müzakirə etdiyi işsizlik və yoxsulluğun aradan qaldırılması mövzuları hazırda dünyanı narahat edən məsələlər sırasındadır. Azərbaycanda isə bu sahədə həyata keçirilən uğurlu tədbirlər məmnunluq doğurur. Faruk Çelik ölkəmizdə gedən inkişafın onda böyük təəssürat yaratdığını diqqətə çatdırıb. “Mühüm məsələ odur ki, təbii, iş həyatı özündə bütün dünyanı maraqlandıran məsələləri ehtiva etməkdədir. Hər hansı bir ölkənin işsizlik və iş həyatının digər sahələri kimi məsələlərə biganə qalmasından söhbət belə gedə bilməz. Eyni zamanda, meydana gələcək mənfi hallar bütün dünya dövlətlərini də maraqlandırır. Bu mənada “G-20” ölkələrinin nəzdində əmək nazirləri olaraq bir araya gəlirik. İslam ölkələri olaraq, - Sizin də ifadə etdiyiniz kimi, - qardaş ölkələr olaraq əmək və digər nazirlərin bir araya gəlməsi baxımından bu gözəl toplantı formalaşdırılıb. Təbii ki, bu konfransın və onun nəticələrinin, Bakıda qəbul ediləcək qərarların yolumuzu daha da aydınladacağına inanıram”, deyə Faruk Çelik bildirib.

Türkiyənin əmək və sosial müdafiə nazirinin sözlərinə görə, hər ölkənin, hər İslam ölkəsinin problemləri var: “Bu problemlərimizdə kədərlərimizi bir-birimizin kədəri, sevinclərimizi də bir-birimizin sevinci olaraq görürük və bu anlayışla fəaliyyət göstəririk. Sizi üzən şeylərin bizi də üzdüyünü, sizi sevindirən bütün məsələlərin bizi də sevindirdiyini və kədərlərinizi bölüşməyə hazır olduğumuzu bildirmək istəyirəm. Bu yüksək qəbulunuza görə bir daha Sizə çox təşəkkür edir, hörmətimi bildirirəm”.

Azərbaycana səfərindən məmnun olduğunu deyən Küveyt dövlətinin əmək və sosial məsələlər naziri Zikra əl-Rəşidi Azərbaycanda gedən inkişafın onda da böyük təəssürat yaratdığını deyib. Zikra əl-Rəşidi son illərdə ölkəmizin beynəlxalq miqyasda əldə etdiyi uğurlara görə prezident İlham Əliyevi təbrik edib: “Biz, şəxsən mən Azərbaycana səfər etməyimdən çox məmnunam. Azərbaycandakı gözəllik və ölkənizin inkişafı, yüksək qonaqpərvərlik bizi valeh etdi. Azərbaycanda bütün sahələrdə əldə olunmuş inkişafdan çox məmnun olduq. Bu, bizi çox sevindirir.

Əlbəttə ki, Küveyt Dövlətinin Əmiri başda olmaqla biz də Azərbaycanda keçirilən tədbirdə iştiraka çox böyük əhəmiyyət veririk və ona görə də bu gün bu tədbirdə yüksək səviyyədə iştirak edirik. Eyni zamanda, Küveyt Dövləti olaraq bir daha qeyd etmək istərdim ki, biz Azərbaycanı bütün sahələrdə həmişə dəstəkləmişik və dəstəkləyəcəyik.

O ki qaldı Azərbaycana, əlbəttə ki, Azərbaycan doğrudan da bir çox beynəlxalq təşkilatların fəal üzvüdür və islam ölkələrinin üzləşdiyi problemlərin həllində çox böyük rola malikdir”.

Fələstinin əmək naziri Əhməd Məcdalani çıxışında Bakıda keçirilən konfransın mövzuların aktuallığı baxımından diqqəti cəlb etdiyini bildirdi. O qeyd edib ki, bu tədbir islam ölkələrində işsizliyin aradan qaldırılmasında və bu sahədə səylərin birləşdirilməsində mühüm rol oynayacaq. Əhməd Məcdalani Fələstinə verdiyi dəstəyə görə Azərbaycan xalqına təşəkkür edib: “İlk növbədə qardaşınız, Fələstin prezidenti Mahmud Abbasın və Fələstinin baş nazirinin salamlarını Sizə çatdırmaqdan şərəf duyuram. Onların minnətdarlığını Sizə çatdırmaq istəyirəm ki, Azərbaycan hər zaman Fələstin xalqının yanında olub və hər zaman Fələstin xalqını dəstəkləyir. Əlbəttə ki, keçən ilin noyabr ayında BMT Təhlükəsizlik Şurasında keçirilmiş səsvermədə bizə göstərdiyiniz dəstəyə görə Sizə öz minnətdarlığımızı bildiririk”.

Əhməd Məcdalani xatırladıb ki, iyun ayında donor ölkələrin konfransı Azərbaycanda keçiriləcək: “Bu da çox mühüm bir konfransdır. Bu konfransın təşkilinə görə Azərbaycan tərəfinə öncədən minnətdarlığımızı bildirmək istəyirik. Yaxın günlərdə Azərbaycan Respublikasının xarici işlər naziri Fələstində səfərdə olub. Bu səfər zamanı iki ölkə arasında siyasi məsləhətləşmələr aparılıb. İki ölkə arasında qardaşlıq və dostluq münasibətlərinin inkişaf perspektivləri müzakirə olunub.

Hazırda keçirilən İslam ölkələrinin əmək nazirlərinin II iclası böyük əhəmiyyət kəsb edir. İslam ölkələrində işsizliyin aradan qaldırılması, eyni zamanda, bir çox digər problemlərin həllində böyük əhəmiyyət kəsb edir. Biz hesab edirik ki, bəzi ölkələr tərəfindən həyata keçirilən ikili standartlar hər zaman qınanmalıdır. Eyni zamanda, bu baxımdan mən qeyd etmək istəyirəm ki, Azərbaycan da bir çox hallarda ikili standartlarla üzləşir və Azərbaycanın da torpaqları işğala məruz qalıb. Biz bu problemin də tezliklə həll olunmasını arzu edirik”.

Sonda konfransın işinə bir daha uğurlar arzulayan prezident İlham Əliyev Azərbaycan haqqında, Azərbaycanda gedən işlər haqqında deyilən xoş sözlərə görə minnətdarlıq bildirib. “Əminəm ki, Bakı ilə yaxından tanış olmaq üçün sizin imkanınız olacaq. Eyni zamanda, onu da qeyd etməliyəm ki, sizin çıxışlarınızda səslənən fikirlər bizim təşkilatımızı daha da sıx birləşdirəcək. Çünki təşkilatımızın təməlində islam aləminin birləşməsi, sıx əməkdaşlıq dayanır.

Əlbəttə ki, qarşılıqlı siyasi dəstək ön planda olmalıdır. Azərbaycan əlindən gələni əsirgəmir ki, bütün müsəlman ölkələri arasında əməkdaşlıq ən yüksək səviyyədə qurulsun. Ölkəmiz bu işə öz tərəfindən töhfəsini verməyə davam edəcək. Eyni zamanda, aramızda olan birliyi möhkəmləndirmək üçün iqtisadi əlaqələr də daha fəal olmalıdır. Bu məsələlərin həllində müvafiq qurumlar, nazirliklər, müştərək birgə komissiyalar öz rolunu oynayır. Əlbəttə, nazirlər səviyyəsində yaradılan təmaslar, əməkdaşlıq, iş birliyi bizim gücümüzü artıracaq”.

İqtisadi əməkdaşlığa gəldikdə, dövlət başçısı burada investisiya layihələrinin həyata keçirilməsi nəzərdə tutula biləcəyini qeyd edib. Prezident İ.Əliyev qeyd edib ki, təcrübə mübadiləsi, ticarət dövriyyəsinin artırılması da birliyi daha da möhkəmləndirəcək.

Qeyd etdiyim kimi, siyasi dəstək ön planda olmalıdır. Biz beynəlxalq təşkilatlarda bir-birimizin mövqeyini daim dəstəkləməliyik. İkili standartlara qarşı birgə mövqeyimizi ortaya qoymalıyıq. Biz iqtisadi əməkdaşlığı dərinləşdirməklə ölkələrimizdə mövcud olan problemləri – işsizliyi, yoxsulluğu daha asanlıqla həll edə bilərik. Yəni, qarşılıqlı dəstək bu deməkdir, həm siyasi, həm iqtisadi dəstək. Eyni zamanda, hesab edirəm ki, hər birimiz üçün çox ağrılı problem bəzi ölkələrdə artan islamofobiya meyilləridir, islama qarşı mənfi münasibətin formalaşdırılmasıdır. Tam əminliklə deyə bilərəm ki, bu münasibət qəsdən formalaşdırılır. İslam ölkələrini mənfi şəkildə təqdim etmək üçün böyük kampaniyalar aparılır. Biz də öz tərəfimizdən, ilk növbədə, bu kampaniyaya tutarlı cavabımızı verməliyik”.

Prezident İlham Əliyev qeyd edib ki, son illər ərzində İslam Əməkdaşlıq Təşkilatı dünya miqyasında çox böyük nüfuza malik olan təşkilata çevrilib: “Müsəlman ölkələrində təhsil, səhiyyə, sosial məsələlər daha da sürətlə həll edilməlidir. Burada iqtisadi əməkdaşlıq ön plandadır. Çünki bu əməkdaşlıq hesabına ölkələrimiz daha da böyük uğurlara nail ola bilərlər.

Bir daha sizi ürəkdən salamlayıram və sizə ən xoş arzularımı çatdırıram”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR