Prezident Administrasiyası rəsmisi: “Prezidentin tələbidir ki, yerli icra hakimiyyətlərinin və bələdiyyələrin seçki prosesinə qarışmasının qarşısı ən kəskin şəkildə alınsın”

Prezident Administrasiyası rəsmisi: “Prezidentin tələbidir ki, yerli icra hakimiyyətlərinin və bələdiyyələrin seçki prosesinə qarışmasının qarşısı ən kəskin şəkildə alınsın”
# 08 dekabr 2014 09:48 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. “Son 10 ildə Azərbaycanda seçki qanunvericiliyi təkmilləşdirilib. 2013-cü ildəki prezident seçkiləri demokratik və xalqın dəstəyi ilə keçirilməsi ilə tarixdə gözəl bir səhifə yazdı. İstər yerli, istər də beynəlxalq müşahidəçilər bu seçkini demokratiya yolunda nailiyyət kimi qiymətləndirdi”.

APA-nın məlumatına görə, bunu bu gün Prezident Administrasiyası, Mərkəzi Seçki Komissiyası (MSK) və Avropa Şurasının Bakı Ofisinin təşkilatçılığı ilə “Seçki prosesində yerli icra hakimiyyətləri və dairə seçki komissiyalarının səlahiyyət və vəzifələri” mövzusunda İcra Hakimiyyəti başçıları və Dairə Seçki komissiyalarının sədrləri üçün keçirilən informasiya sessiyasında Prezident Administrasiyasının Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsi müdirinin müavini Hüseyn Mövsümov söyləyib.

H.Mövsümov seçkilərin demokratik keçirilməsi ilə bağlı tapşırıq verildiyini bildirib: “Prezidentin tələbidir ki, seçki prosesinə yerli icra hakimiyyətlərinin və bələdiyyələrin qarışmasının qarşısı ən kəskin şəkildə alınsın. Prezidentin tapşırığı ilə Dairə Seçki komissiyalarına normal iş şəraiti yaradılmasına xüsusi diqqət yetirilib, komissiyalar normal avadanlıqlarla təmin olunub. 2009-cu ildən bu işə xüsusi diqqət yetirilir. Bu gün əminliklə deyə bilərik ki, Dairə Seçki komissiyaları müasir avadanlıqlarla təmin olunmuş müasir binalarda yerləşdirilib”.

H.Mövsümov Azərbaycanda seçki təbliğatı və təşviqatı ilə bağlı 2837 yerin müəyyən edildiyini açıqlayıb. Bu yerlərdən 1436-sı qapalı, qalanı açıqdır. Onun sözlərinə görə, təkcə Bakıda bununla bağlı 53 qapalı yer müəyyənləşdirilib: “Son 1 ildə seçici siyahılarının dəqiqləşdirilməsi diqqət mərkəzində olub, real seçici siyahıları əldə edilib. Seçkilərdə ilk dəfə iştirak edəcək seçicilərin maarifləndirilməsi ilə bağlı gənclər üçün yerli icra hakimiyyətləri orqanları tərəfindən maarifləndirici tədbirlər təşkil olunub. Əgər ilk dəfə səs verəcək şəxslərdən şəxsiyyət vəsiqəsi almayanlar varsa, seçki gününə qədər bu şəxslərə şəxsiyyət vəsiqəsinin verilməsi təmin edilməlidir”.

Səsvermə məntəqələrinin veb-kameralar vasitəsilə internet üzərindən canlı izlənməsinin seçkilərin demokratik şəkildə keçirilməsi yönündə mühüm addım olduğunu vurğulayan H.Mövsümov qeyd edib ki, son prezident seçkilərinin yüksək səviyyədə keçirilməsində seçki komissiyaları üzvlərinin böyük əməyi var: “Hər birinizin vəzifəsi budur ki, bu yüksək nailiyyəti qoruyaq, qanun pozuntularına yol verilməsin”.

H.Mövsümov bələdiyyə seçkilərinin yüksək səviyyədə keçirilməsi üçün hər cür şəraitin olduğunu dilə gətirib: “Bu bələdiyyə seçkiləri əvvəlki seçkilərdən fərqlənəcək. Artın bələdiyyələr sosial məsələlərin həllinlə mühüm qurumlara çevriliblər. Torpaq vergisi və digər vergilərlə bağlı qəbul edilən qanunlar bələdiyyələrin imkanlarını genişləndirəcək. Ərazisi kiçik bələdiyyələrin birləşməsi nəticəsində 94 yeni bələdiyyə yaradılıb və bələdiyyələrin sayı 1607 olub. Birləşmiş bələdiyyələr bir neçə yaşayış məntəqəsini əhatə edəcək. Bələdiyyələrin effektiv işləməsi üçün layiqli üzvlər seçilməlidir. Biz fəal gənc və qadınların, yüksək səviyyəli mütəxəssislərin seçildiyi bələdiyyələrin formalaşmasını gözləyirik. Seçkilərin şəffaf və demokratik keçirilməsini istəyirik”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR