Əli Həsənov: «Azərbaycan gəncliyinin inkişafı ilə bağlı iki dövlət proqramının icrasına 100 mln. manatdan artıq vəsait ayrılıb»

Əli Həsənov: «Azərbaycan gəncliyinin inkişafı ilə bağlı iki dövlət proqramının icrasına 100 mln. manatdan artıq vəsait ayrılıb»
# 04 may 2013 08:50 (UTC +04:00)

Bakı. Rəşad Süleymanov – APA. Qaradağ Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə «Heydər Əliyev və Azərbaycan Respublikasının beynəlxalq gənclər siyasəti» mövzusunda beynəlxalq konfrans keçirilir. APA-nın məlumatına görə, konfrans Heydər Əliyevin 90 illik yubileyinə həsr olunub.

Tədbirdə çıxış edən Qaradağ rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov bildirib Ki, konfransda Rusiya və Ukraynanın da lider gəncləri iştirak edirlər.

Konfrans 2 paneldən ibarətdir. Birinci panel “Gənclər siyasətində ortaq mövqelər və ortaq problemlər”, ikinci panel isə “Mədəniyyətlərarası dialoq və humanitar əlaqələrin inkişafında gənclər təşkilatlarının rolu” adlanır. «Ötən əsrin 70-80-ci illərində ulu öndər Heydər Əliyevin şəxsi təşəbbüsü və qayğısı sayəsində Azərbaycandan kənarda, keçmiş SSRİ-nin 50-dən artıq böyük şəhərinin 170-dən çox nüfuzlu ali məktəbində xalq təsərrüfatı, elm, təhsil və mədəniyyətinin 80-dən artıq sahəsini əhatə edən və xüsusi ehtiyac duyulan 250-dən çox ixtisas üzrə 15 mindən artıq azərbaycanlı gənc ali təhsil alıb. Təsadüfi deyil ki, bu gün MDB məkanında Azərbaycan diasporunun sosial tərkibinin böyük bir hissəsini məhz həmin illərdə ulu öndərin xeyir-duası ilə təhsil almış insanlar təşkil edir. Onlar müstəqil dövlətimizin maraqlarını təmsil olduqları ölkələrdə şərəflə qoruyurlar», - deyə S. Mikayılov bildirib.

Prezident Administrasiyası ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov isə H. Əliyevin hakimiyyətdə olduğu dövrlərdə həyata keçirdiyi gənclər siyasətindən danışıb: «Heydər Əliyev birinci dəfə ölkəyə rəhbərlik etdiyi dövrdə onun fəaliyyətində gənclər siyasəti üstünlük təşkil edib. Onun hakimiyyəti dövründə Azərbaycan aparıcı sənaye respublikalarından birinə çevrilib. Azərbaycanın istedadlı gəncləri seçilərək SSRİ-nin qabaqcıl universitetlərində təhsil almağa göndərilib. Heydər Əliyev gənclərin layiqli təhsil alması ilə yanaşı, onların maddi tələbatının təmin olunmasına da diqqət yetirib. Gənclər ali təhsil alıb, taleyin hökmünə buraxılmırdılar».

Ə. Həsənov H. Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışı ilə Azərbaycanda müasir gənclər siyasətinin təməlini qoyduğunu, Gənclər və İdman Nazirliyinin yaradılmasının bu sahədə mühüm addım olduğunu bildirib. Azərbaycan gəncliyinin inkişafı ilə bağlı iki dövlət proqramının qəbul edildiyini deyən PA rəsmisinin sözlərinə görə, 2015-ci ilədək davam edəcək bu proqram çərçivəsində gəncliyin inkişafına 100 milyon manatdan artıq vəsait ayrılıb.

Tədbirdə gənclər və idman nazirinin müavini İntiqam Babayev, Milli Məclisin deputatları Ağalar Vəliyev, Mixail Zabelin və digər şəxslər çıxış ediblər.

Konfransda müxtəlif məruzələr dinlənilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR