Çexiyada “Azərbaycan-böyük imkanlar ölkəsi” mövzusunda müzakirələr keçirilib

Çexiyada “Azərbaycan-böyük imkanlar ölkəsi” mövzusunda müzakirələr keçirilib
# 12 dekabr 2014 15:07 (UTC +04:00)

Bakı – APA. “Fontes Rerum” iqtisadi, siyasi və sosial elmlər qrupu Çexiyada Avropa Hərəkatı ilə birgə “Azərbaycan – böyük imkanlar ölkəsi” mövzusunda müzakirələr təşkil edib.


Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Çexiyanın sənaye və ticarət naziri Yan Mladekin moderatorluğu ilə keçirilən müzakirələrdə Azərbaycanın Çexiyadakı səfiri Fərid Şəfiyev, ərəbşünas və tarixçi, universitet müəllimi Eduard Qombar və Çexiya İxrac Bankının (ÇEB) baş direktoru Karel Bureş çıxış ediblər.


Y. Mladek giriş nitqində Azərbaycan iqtisadiyyatının sürətlə inkişaf etdiyini qeyd edərək, Azərbaycan bazarının Çexiya üçün perspektivli olduğunu diqqətə çatdırıb.


E. Qombar isə Azərbaycan mədəniyyəti, tarixi barədə məlumat verib, habelə Ermənistanın ölkəmizə təcavüzü nəticəsində ərazilərimizin 20 faizinin işğal edilməsindən və Xocalı soyqırımından danışıb. Azərbaycanın sabit ölkə olmasında Heydər Əliyevin xidmətlərinin olduğunu deyən E. Qombar Azərbaycanın hazırkı prezidenti İlham Əliyevin bu siyasəti davam etdirərək, ölkənin inkişafı istiqamətində atdığı addımlardan bəhs edib.

Öz növbəsində səfir F. Şəfiyev Azərbaycanda aparılan islahatlar, ölkənin qazandığı nailiyyətlər, o cümlədən 1994-cü ildə imzalanmış “Əsrin müqaviləsi”nin bu il 20-ci ildönümünün qeyd edildiyi, habelə TANAP və TAP boru kəmərləri vasitəsilə təbii qazın Avropaya nəqli ilə bağlı Cənub Qaz Dəhlizinin təqdimat mərasimi haqqında ətraflı məlumat verib. “Azərbaycanda investisiya imkanları” mövzusunda təqdimatla çıxış edən diplomat Azərbaycanın investisiya yatırımı üçün stabil, etibarlı, uzunmüddətli tərəfdaş olduğunu qeyd edib, çex şirkətlərini Azərbaycanın qeyr-neft, o cümlədən, ağır və kimya sənayesi, tikinti, turizm və eko-turizm sektorunda çalışmağa çağırıb.

K. Bureş isə Çexiya şirkətlərinin Azərbaycanda infrastruktur layihələrində iştirakını dəyərləndirib, ölkəmizdəki işlərin gedişatından məmnun qaldıqlarını və bunu nəzərə alaraq, hər bir investisiya layihəsinin dəstəklənməsinə hazır olduqlarını bildirib: “Azərbaycanla əməkdaşlıqdan məmnunuq. Bəzi ölkələrdən fərqli olaraq, Azərbaycanla olan bütün müqavilələrdə nəzərdə tutulan məbləğlər qəpiyə qədər ödənilb. Biz Azərbaycanı sevirik”.


Çıxışlardan sonra tədbir iştirakçılarının suallarını cavablandıran səfir F. Şəfiyev azərbaycanlı tələbələrin xaricdə təhsil alması ilə bağlı Dövlət Proqramı, Bakı-Tiflis-Qars dəmiryolu xətti və ölkəmizdə turizmin inkişaf etdirilməsi ilə bağlı məsələlərdən danışıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR