Fərdi ev və binaların tikintisi üçün su və kanalizasiya sistemindən istifadə ilə bağlı tələb müəyyənləşib

Fərdi ev və binaların tikintisi üçün su və kanalizasiya sistemindən istifadə ilə bağlı tələb müəyyənləşib
# 16 avqust 2014 08:53 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. Azərbaycanda fərdi ev və çoxmərtəbəli binaların tikintisi dövründə müvəqqəti su və kanalizasiya sistemindən istifadə ilə bağlı tələb müəyyənləşib.

APA-nın məlumatına görə, Nazirlər Kabineti tərəfindən təsdiqlənən “İstehlakçıların su təchizatı və tullantı sularının axıdılması sisteminə qoşulması üçün texniki şərtlərin verilməsi və qoşulması Qaydaları”na əsasən, texniki şərtlərin müddəaları yerinə yetirilənədək obyektin tikintisinin başa çatdırılması məqsədi ilə su təchizatı və kanalizasiya müəssisəsi (STKM) sifarişçini razılaşdırılmış tələbat həddində su təchizatı və tullantı sularının axıdılması xidməti ilə müvəqqəti texniki şərtlər əsasında təmin etməlidir.

Texniki şərtlər üçün nəzərdə tutulmuş prosedur və sənədlər müvəqqəti texniki şərtlərin verilməsinə də şamil edilir. Tikinti obyektlərinin inşası üçün quraşdırılmış müvəqqəti su təchizatı və tullantı sularının axıdılması xəttinə digər sifarişçinin (istehlakçının) qoşulmasına yol verilmir. Müvəqqəti texniki şərtlərin qüvvədə olma müddəti tikintiyə icazə (obyektin layihələndirilməsi və tikilib başa çatdırılması) üçün müəyyən olunmuş müddətdən az olmamalıdır. Müvəqqəti texniki şərtlərin qüvvədə olma müddətində STKM ilə sifarişçi (istehlakçı) arasında suyun sərfinə görə hesablaşmanın aparılması üçün balans mənsubiyyəti sərhədində (bu texniki cəhətdən mümkün olduqda) Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən tipi təsdiq edilərək dövlət reyestrinə daxil edilmiş və sertifikatlaşdırılmış müvafiq suölçən cihaz quraşdırılır. Tipi təsdiq edilməmiş, standartlara cavab verməyən sayğacların və digər ölçmə vasitələrinin quraşdırılmasına yol verilmir. Suölçən cihazın balans mənsubiyyəti sərhədində quraşdırılması texniki cəhətdən mümkün olmadıqda STKM-in və ya sifarişçinin (istehlakçının) təşəbbüsü ilə qarşılıqlı razılıq əsasında əvəzsiz olaraq və ya əvəzi ödənildikdə sifarişçinin (istehlakçının) balansında olan suölçən cihazla qoşulma nöqtəsi arasındakı hissə STKM-in balansına verilməlidir.

Sifarişçinin su təchizatı və tullantı sularının axıdılması sisteminə (STTSAS) qoşulması onun texniki şərtləri, o cümlədən qoşulma ilə bağlı layihə işlərini yerinə yetirməsi şərti ilə texniki şərtlərin verilməsi haqqında qərar qəbul olunduğu gündən sonra ən geci 15 (on beş) iş günü müddətində STKM tərəfindən həyata keçiriləcək. mərtəbələrinin sayı 3-dən, hündürlüyü 12 metrdən və aşırımlarının uzunluğu 6 metrdən çox olmayan fərdi yaşayış evlərinin tikintisi zamanı su və kanalizasiya sisteminə qoşulma STKM-in vəsaiti hesabına, hüquqi şəxslərin (şirkətlər) apardıqları tikinti işləri zamanı isə sifarişçinin vəsaiti hesabına aparılır. Tarif (qiymət) Şurası tərəfindən müəyyən olunan qoşulma haqqı həmin müddətdə STKM-in bank hesabına ödənilməlidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR