Türkiyə Respublikasının əmək və sosial müdafiə nazirinin müavini Adnan Ertemin başçılıq etdiyi nümayəndə heyəti Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST Agentliyində olub.
Bu barədə APA-ya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.
Bildirilib ki, qonaqlar əvvəlcə 1 saylı Bakı DOST Mərkəzində əhaliyə göstərilən xidmətlər və mərkəzin iş prinsipi ilə tanış olublar. Keçirilən görüşdə DOST Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədov DOST mərkəzlərinin fəaliyyəti barədə qonaqlara məlumat verib. Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü olan DOST konsepsiyasının üstünlükləri və dövlət sosial xidmətlər sahəsinə gətirdiyi innovativ yeniliklər diqqətə çatdırılıb, DOST xidmətlərinə dair təqdimat edilib.
Türkiyə nümayəndə heyəti Nazirliyin tabeliyindəki DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi ilə də tanış olub. Mərkəzin direktoru Elnarə Ənsari qonaqlara sosial müəssisədə həssas qruplara aid şəxslərin cəmiyyətə inteqrasiyası istiqamətində görülən işlər barədə məlumat verib. Nümayəndə heyəti Mərkəzin fəaliyyət istiqamətləri və yaradıcılıq prosesi ilə tanış olub. Tanışlıq zamanı təlimçi və benefisiarların ifasında musiqi nömrələri, onların hazırladıqları əl işlərindən ibarət sərgi nümayiş etdirilib.
Qonaqlar həssas qrupların yaradıcı potensialının inkişaf etdirilməsi və məşğulluğunun dəstəklənməsi sahəsində görülən işlər, onlar üçün yaradılan bərabər imkanlar və sosial inteqrasiya mühitini yüksək qiymətləndiriblər.
Sonda Adnan Ertem Mərkəzin xatirə kitabına təəssüratlarını və ürək sözlərini qeyd edib.