Rus bölməsi abituriyentlərinin “Azərbaycan dili” imtahanında iştirakı üçün qeydiyyat başlayıb

Rus bölməsi abituriyentlərinin “Azərbaycan dili” imtahanında iştirakı üçün qeydiyyat başlayıb
# 02 mart 2015 13:47 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Rus bölməsi abituriyentlərinin “Azərbaycan dili” imtahanında iştirakı üçün qeydiyyat başlayıb.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK) APA-ya verilən xəbərə görə, ali təhsil müəssisələrinin və tam orta təhsil (11 illik) bazasında orta ixtisas təhsili müəssisələrinin rus bölməsinə qəbul olmaq istəyən abituriyentlər “Azərbaycan Respublikasında Dövlət dili haqqında” qanuna əsasən “Azərbaycan dili” fənnindən test imtahanı verməlidirlər.

Həmin imtahanda iştirak etmək üçün qeydiyyat martın 1-dən başlayıb və martın 31-dək davam edəcək. Qeydiyyat internet vasitəsilə aparılır.

Rus bölməsinin abituriyentləri qeydiyyatdan keçmək üçün TQDK-nın virtual ödəmə kartını əldə etməlidirlər. Ödəmə kartını internet ödəmə vasitəsilə və ya bütün mobil operatorlardan 7725 nömrəsinə boş SMS göndərməklə əldə etmək olar (Dövlət rüsumu 2 AZN-dir). Rus bölməsinin abituriyentləri iş nömrəsi və şifr əldə etdikdən sonra TQDK-nın internet saytının müvafiq səhifəsinə daxil olaraq qeydiyyatdan keçməlidirlər. Həmin abituriyentlərin əldə etdikləri bu ödəmə kartındakı iş nömrəsi və şifrdən elektron ərizə qəbulunun bütün mərhələlərində istifadə olunacaq. TQDK-nın ikinci ödəmə kartını əldə etməyə ehtiyac olmayacaq.

Qeyd edək ki, rus bölməsinin abituriyentləri üçün 1-ci Azərbaycan dili imtahanı aprelin 26-da, 2-ci Azərbaycan dili imtahanı isə iyulun 7-də keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR