Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov şəhərin 9-cu mikrorayon ərazisində sakinlərlə növbəti səyyar qəbul keçirib.
İcra Hakimiyyətindən APA-ya verilən məlumata görə, görüşdə şəhər İH-nin məsul əməkdaşları, aidiyyəti idarə və müəssisələrin rəhbərləri iştirak ediblər.
Qəbul zamanı sakinlərin müraciət və təklifləri dinlənilib, əsasən mənzil-kommunal təsərrüfatı, məşğulluq, abadlıq, infrastruktur və sosial məsələlərlə bağlı qaldırılan problemlər müzakirə olunub.
Zakir Fərəcov müraciətlərin diqqətlə araşdırılmasının və vətəndaşların problemlərinin qanunvericiliyin tələblərinə uyğun həlli üçün zəruri tədbirlərin görülməsinin vacibliyini vurğulayıb. Aidiyyəti qurumların rəhbərlərinə müvafiq tapşırıqlar verilib, əlavə araşdırma tələb edən məsələlərin nəzarətdə saxlanılması tapşırılıb.
Sakinlər müraciətlərinin birbaşa dinlənilməsinə və qaldırılan məsələlərə göstərilən diqqətə görə minnətdarlıqlarını bildiriblər.
Qeyd edək ki, Sumqayıt Şəhər İcra Hakimiyyəti tərəfindən sakinlərlə birbaşa ünsiyyətin təmin edilməsi və yerli problemlərin operativ həlli məqsədilə səyyar qəbullar mütəmadi olaraq davam etdirilir.