Bank Of Baku

Penitensiar Xidmətin idarə rəisi: “Qanunvericiliyə edilən dəyişikliklər məhkumlara verilən hüquqları genişləndirib“

Penitensiar Xidmətin idarə rəisi: “Qanunvericiliyə edilən dəyişikliklər məhkumlara verilən hüquqları genişləndirib“
# 16 iyul 2008 10:50 (UTC +04:00)
Bu sözləri APA-ya açıqlamasında Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin təşkilat-nəzarət idarəsinin rəisi Musa Hümbətov deyib. O bildirib ki, dəyişikliklər prezident İlham Əliyev tərəfindən 2006-cı ildə imzalanan Milli Fəaliyyət Planına uyğun həyata keçirilib: “Dəyişikliklərlə bağlı təkliflər hazırlanarkən beynəlxalq sənədlərin tələbləri də nəzərə alınıb”. M. Hümbətov dəyişikliklərdən sonra məhkumların hüquqları sırasına iki yeni hüquq daxil edildiyini söyləyib: “Birincisi, məhkumlar psixoloji yardım almaq, ikincisi isə, cəzanın icrası və çəkilməsi prosesində qəbul edilən qərarlarla tanış olmaq, bundan şikayət etmək hüququ qazanıblar”. İdarə rəisinin sözlərinə görə, dəyişikliklərdən sonra məhkumların yaxınları ilə təmas imkanlarının sayı artırılıb: “Dəyişikliklərə qədər ömürlüklər istisna olmaqla, məhkumlar yaxınları ilə ayda bir dəfə 10 dəqiqə danışa bilərdilər. İndi bu imkan dörd dəfə artırılıb, onlara həftədə bir dəfə telefonla 15 dəqiqə danışmaq hüququ verilib. Ömürlük məhkumlar isə əvvəllər iki ayda bir dəfə telefonla danışırdılarsa, indi ayda iki dəfə bu imkandan istifadə edə biləcəklər”. M. Hümbətov deyib ki, məhkumların xərcləyə biləcəkləri pulun məbləği də artırılıb və hər məhkuma saxlanıldığı rejim qaydalarından asılı olaraq ay ərzində 25 manatdan 50 manatadək pul xərcləmək hüququ verilib. Ömürlük azadlıqdan məhrum edilən məhkumların saxlanılması ilə bağlı daha bir dəyişikliyə əsasən onların yaxınlarından alacaqları sovqatların sayı da artırılıb. Bundan sonra onlar ildə səkkiz dəfə sovqat ala biləcəklər. Eyni zamanda bu məhkumların yaxınları ilə görüş imkanları da iki dəfə çox olacaq. Əvvəllər ömürlük məhkumlar il ərzində bir uzunmüddətli görüş ala bilirdilərsə, indi bu, iki dəfə olacaq. Bundan sonra ömürlük məhkumlar ildə dörd dəfə deyil, səkkiz dəfə (iki dəfə uzunmüddətli, altı dəfə qısa müddətli) görüşə biləcəklər. Dəyişikliklər ömürlük məhkumlara televizora baxmaq imkanı da verib. M. Hümbətov qanunvericilikdə bununla bağlı olan qadağanın aradan qaldırıldığını bildirib. Digər dəyişiklikliyə əsasən məhkumlar penitensiar müəssisələrə daxil olduqdan sonra bu barədə yaxınlarına, əlaqədar təşkilatlara yalnız onların razılığı ilə məlumat veriləcək. Məhkum istəmədiyi halda bu məlumatlar yayılmayacaq. Qanunvericiliyə yetkinlik yaşına çatmayan məhkumlarla əlaqədar dəyişiklik də edilib. Bu dəyişikliklərdən biri özünü yaxşı aparan yeniyetmə məhkuma müəssisədən kənar tədbirlərdə iştirak etmək hüququnun verilməsidir. M. Hümbətov bütün bu dəyişikliklərin dövlətin məhkumlara, onların yaxınlarına göstərdiyi qayğının nəticəsi, penitensiar sistemdə aparılan islahatların tərkib hissəsi olduğunu vurğulayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR