Bank Of Baku

Binə qəsəbəsində ABŞ ordusunun vəsaiti hesabına məcburi köçkünlər üçün tikilmiş məktəbin açılışı olub

Binə qəsəbəsində ABŞ ordusunun vəsaiti hesabına məcburi köçkünlər üçün tikilmiş məktəbin açılışı olub
# 15 sentyabr 2008 11:04 (UTC +04:00)
Bakı. Tamara Qriqoryeva-APA. ABŞ Silahlı Qüvvələri Avropa Komandanlığının ayırdığı vəsait hesabına Binə qəsəbəsində Laçın rayonundan olan məcburi köçkünlər üçün məktəb inşa olunub. APA-nın məlumatına görə, 11 sinif otağı, kitabxana və su təchizat sistemindən ibarət məktəbin inşası amerikalı mühəndislər tərəfindən həyata keçirilib. Məktəbin açılış mərasimində çıxış edən ABŞ səfiri Ann Dersi bildirib ki, fərqli dinlərin və millətlərin təmsilçiləri olan insanlar uşaqların parlaq gələcəyi naminə bir-birinin qayğısına qalmalıdır: “Bu məktəb Azərbaycan və Birləşmiş Ştatlar arasında dostluğun konkret sübutudur. Ötən həftə Azərbaycana səfər edən ABŞ-ın vitse-prezidenti Riçard Çeyni bildirmişdi ki, Birləşmiş Ştatlar Azərbaycanda davamlı stabillik olmasında və ölkənin tərəqqisində son dərəcə maraqlıdır”. Səfir əlavə edib ki, ABŞ Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir və Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə həllini istəyir. Açılış mərasimində çıxış edən ABŞ Silahlı Qüvvələri Avropa Komandanlığının rəis müavini Robert Mur bildirib ki, ABŞ təhlükəsizlik sahəsində proqramlara qoşulduğuna görə Azərbaycana minnətdardır: “Biz bu sahədə Azərbaycanla əməkdaşlığı davam etdiririk. Birgə işləməklə, təhlükəsizlik və azadlığı qorumaqla uşaqlarımız üçün gözəl gələcək qurmuş oluruq”. Tədbirdə çıxış edən Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov ABŞ-ın Dağlıq Qarabağ münaqişəsinin həllində həmişə birmənalı mövqe tutduğunu qeyd edib: “Bu mənada ABŞ-ın mövqeyi digər ölkələrə, o cümlədən bəzi qonşu dövlətlərə nümunədir”. Əli Həsənovun sözlərinə görə, bəzi beynəlxalq təşkilatlar hesab edir ki, artıq azərbaycanlı məcburi köçkünlərə kömək lazım deyil: “Bu səbəbdən də onlar yardım proqramlarının fəaliyyətini dayandırırlar. Amma nəzərə almırlar ki, azərbaycanlı məcburi köçkünlərin hələ çox həll edilməmiş problemi qalıb. Bu mənada həmin beynəlxalq təşkilatlar ABŞ-dan nümunə götürməlidir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR