Bank Of Baku

Bakıda «Azərbaycanda icbari tibbi sığorta proqramının tətbiqi: problemlər və perspektivlər» mövzusunda dəyirmi masa keçirilib

Bakıda «Azərbaycanda icbari tibbi sığorta proqramının tətbiqi: problemlər və perspektivlər» mövzusunda dəyirmi masa keçirilib
# 10 oktyabr 2008 12:11 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Bu gün İqtisadi Tədqiqatlar Mərkəzi (İTM) «Azərbaycanda icbari tibbi sığorta proqramının tətbiqi: problemlər və perspektivlər» mövzusunda dəyirmi masa keçirib. «APA-Economics»in məlumatına görə, tədbirdə İTM-nin İdarə Heyətinin sədri Qubad İbadoğlu «Azərbaycanın səhiyyə islahatlarının maliyyə aspektləri və icbari tibbi sığortanın təşəkkülü» mövzusunda təqdimatla çıxış edib.
Q.İbadoğlunun sözlərinə görə, təqdimatın hazırlanmasının əsas məqsədi Azərbaycanda icbari tibbi sığorta proqramının həyata keçirilməsi istiqamətində aparılan işlərin monitorinqi ilə bağlıdır: «Ümumiyyətlə, bu proqram 1999-cu ildən qəbul olunsa da, bu istiqamətdə proses çox ləng gedir. Monitorinqin nəticələrinə görə, Azərbaycanın səhiyyə büdcəsində artım olsa da, ÜDM-də səhiyyə büdcəsinin xüsusi çəkisi azdır. Qeyd edim ki, hələ 2005-ci ildə səhiyyə büdcəsinin payı 3% təşkil edib».
Səhiyyə xərclərinin təşkilati quruluşunda 95,3%-i Səhiyyə Nazirliyi, 2,3%-i Səhiyyə Nazirliyinin Milli Onkoloji Elmi Mərkəzi, 1,9%-i Dövlət Dəmiryol İdarəsi və 1,7%-i digər təşkilatların payına düşür. Səhiyyə xərclərinin 2008-ci il üzrə funksional strukturunda 55,6%-i xəstəxanalar, 25,9%-i səhiyyə sahəsinə aid edilən digər xidmətlər, 15,7%-i poliklinika və ambulatoriyalar, 0,8%-i səhiyyə sahəsində tətbiqi tədqiqatlar və 2%-i səhiyyə sahəsində digər xidmətlər təşkil edir. Ev təsərrüfatlarının büdcəsində isə 2007-ci ilin yekunlarına əsasən, Azərbaycanda ev təsərrüfatlarının məcmu xərclərində səhiyyə xərcləri orta hesabla 3,4%-dir. Bu xərclərin adambaşına düşən məbləği ev təsərrüfatlarının ölçüsündən asılı olaraq dəyişir. Belə ki, adambaşına düşən səhiyyə xərcləri 1 nəfərlik ev təsərrüfatında 10,9 manat, 2 nəfərlik - 6,8 manat, 3 nəfərlikdə - 4,5 manat, 4 nəfərlikdə isə 3,2 manatdır.
Q.İbadoğlunun sözlərinə görə, icbari tibbi sığorta ilə bağlı baza xidmətlər paketi büdcədən maliyyələşən və imtiyazlı əhali kateqoriyası üçün sığorta məbləğinin mərkəzləşdirilmiş formada dövlət tərəfindən ödənilməsi məsələsi nəzərdən keçirilir: «Hazırda minimum səhiyyə xidmətlərinin müəyyənləşdirilməsi üzərində işlər davam etdirilir. Çox güman ki, bütün ambulator və təcili yardım xidmətləri bura daxil ediləcək. Stomatoloji poliklinikada da hər bir xidmət növünün bu sırada olacağı gözlənilir».
Sonda Q.İbadoğlu Azərbaycanda həyata keçirilən səhiyyə proqramlarından, həmçinin səhiyyə sisteminin maliyyələşməsinin Kanada, İngiltərə, ABŞ, Almaniya və Qırğızıstan təcrübələrindən danışıb.
Qeyd edək ki, cari ilin yanvar ayının 1-nə Azərbaycanda bütün ixtisaslar üzrə həkimlərin sayı 32,4 min nəfər, orta tibb işçilərinin sayı 62,2 min nəfər, xəstəxana çarpayılarının sayı 68,1 min, əhaliyə ambulatoriya-poliklinika yardımı göstərən müalicə müəssisələrinin sayı isə 1 692-dir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR