Bank Of Baku

Valideynlər birinci siniflər üçün ingilis dili dərsliyindən narazıdırlar

Valideynlər birinci siniflər üçün ingilis dili dərsliyindən narazıdırlar
# 24 oktyabr 2008 11:44 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. 2008-2009-cu tədris ili üçün nəzərdə tutulan birinci sinif ingilis dili dərsliyində bəzi problemlər var. Valideynlərin APA-ya bildirdiyinə görə, sözügedən dərslikdə nəzərdə tutulan proqram birinci siniflər üçün çox ağırdır. Valideynlər kitabın ilk dərslərində şagirdlər üçün ingilis dilində şer tapşırıqlarının, mətnlərin olduğunu qeyd ediblər: “Əlifba bilməyən uşaq necə şeir və mətn öyrənə bilər? Şagird əlifbanı bilmirsə, ona necə şeir öyrənmək tapşırığı verilə bilər?”

Birinci sinif ingilis dili dərsliyinin redaktoru, Xarici Dillər Universitetinin rektoru Səməd Seyidov APA-ya bildirib ki, hər bir dərslik, hər bir dərs vəsaiti ekspertlərin, mütəxəssislərin fikrindən və rəyindən sonra çap olunur: “Bu sual daha çox metodiki xarakter daşıdığına görə mütəxəssislərlə müzakirə aparmaq lazımdır. Mən bunun niyə belə olduğunu izah edə bilərəm. Amma bu müsahibə ilə bunu izah etmək mümkün deyil”.

Milli Məclisin Elm və təhsil daimi komissiyasının üzvü Abel Məhərrəmov isə APA-ya bildirib ki, əslində əlifba bilməyən şagirdə şeir, mətn öyrənmək tapşırığı vermək düzgün deyil. O bu məsələ ilə bağlı Təhsil Nazirliyinin kollegiyasında dəfələrlə müzakirə aparıldığını bildirib: “Sovet dövründə bizdə belə bir sistem var idi ki, xarici dilin öyrənilməsində qrammatikaya çox, danışığa isə az üstünlük verilirdi. Yeni model ondan ibarətdir ki, danışığa üstünlük verib sonradan qrammatikaya keçmək lazımdır. Əgər bu dərsliyin hazırlanmasında bu prinsip nəzərə alınıbsa, görünür, məsələyə bu düşüncədən yanaşılıb. Yəni uşaqlar əvvəlcə şeirlə həvəsləndirilir, sonra qrammatika, əlifba öyrədilir”.

Təhsil Nazirliyinin Aparat rəhbəri İlham Pirməmmədov isə qeyd edib ki, proqramın bu şəkildə hazırlanmasında məqsəd şagirdlərə ingilis dili haqda ilkin məlumat verməkdir: “Bu dərslikdə hələ əlifbadan söhbət getmir. Bununla bağlı çox müzakirə, çox mübahisə olub. Biz də bilirik ki əlifbanı bilmədən şeir öyrənmək problemdir. Hazırladığımız kitabda isə daha çox şəkillərlə söhbət aparılır. Dünyanın bütün ölkələrində belədir. Kitabda şeir müəllim tərəfindən sadəcə oxunur, izah olunur, uşaqlar özləri bunu oxumurlar. Bununla da, kitabda ingilis dili haqqında məlumatlar verilir, tələffüz qaydası öyrədilir. Biz əvvəl buna ikinci sinifdən başlamışdıq, amma sonradan gördük ki, bir çox ölkədə birinci sinifdən başlayırlar. Ona görə biz də ingilis dilinin tədrisinə birinci sinifdən başlamağa qərar verdik”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR