Şəkinin kənd təsərrüfatında taxılçılıq geniş inkişaf edən sahədir. Rayonda il ərzində 60-65 min hektar həcmində taxıl əkilir, məhsuldarlıq isə 29-30 sentner təşkil edir. Sözsüz ki, bu məhsuldarlıq bizi qane etmir. Çünki ölkə başçısının təsdiq etdiyi Dövlət Proqramının hədəflərindən biri də 2030-cu ilədək ölkədə taxılın məhsuldarlığının 50 sentnerə çatdırılmasından ibarətdir.
APA xəbər verir ki, bunu Şəki rayon İcra Hakimiyyətinin başçısı Elxan Usubov Azərbaycanda kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramının müzakirəsi ilə bağlı Qaxda regional müşavirədə deyib.
İcra başçısı deyib ki, rayonda taxılın məhsuldarlığının 50 sentnerə çatdırılması üçün, əkinlərdə yüksək reproduksiyalı, məhsuldar toxumlardan istifadə edilməsi, sahələrə ən müasir aqrotexniki qulluq göstərilməsi, xırda əkin sahələrinin konsolidasiyası, suvarılan torpaqların artırılması və mütərəqqi suvarma metodlarından istifadənin genişləndirilməsi qarşımızda duran vacib vəzifələrdən biridir:
"Respublikada suvarma məsələlərini daim nəzarətdə saxlayan Prezident cənab İlham Əliyevin dəstəyi ilə hazırda rayonumuzda iki böyük layihə həyata keçirilir. Əlicançay su anbarının tikintisi istiqamətində hazırda sürətli iş gedir. Əlicançay su anbarının istismara verilməsi nəticəsində əvvəl 12 kəndin, daha sonra ətraf yaşayış məntəqələrinin içməli su problemlərinin tam aradan qaldırılması mümkün olacaq və 34 min hektar dəmyə ərazidə yerləşən əkin torpaqlarının suvarılması təmin ediləcək.
“Əyriçay su anbarının tikintisinin tamamlanması” istiqamətində də müvafiq işlər görülür. Hər ki layihənin istifadəyə verilməsi nəticəsində rayonda suvarılan torpaqların sahəsi əhəmiyyətli dərəcədə artacaqdır. Əsasən taxıl əkinlərini əhatə edəcək yeni suvarılan torpaqlarda məhsuldarlığın iki qat artırılması və qarşıya qoyulan hədəfə nail olunması üçün real imkanlar yaranacaq".
O da qeyd olunub ki, Şəki tütün əkininə, quru tütün istehsalına və eləcədə hər hektardan orta məhsuldarlığa görə respublikamızda birinci yeri tutur. Ötən il 1805 hektar tütün əkinindən 5,4 min ton quru tütün istehsal olunub, bu il isə 1850 hektar sahədə tütün əkilib. Bu il rayonda quru tütün istehsalının 6 min tona çatdırılması proqnozlaşdırılır.
İH başçısı onu da bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə keçirilən müşavirədən sonra rayonun iri təsərrüfat subyektlərinin və fermerlərin iştirakı ilə şəhər icra hakimiyyətində işgüzar mühitdə geniş toplantı keçirilib. Bu toplantıda Şəki rayonunun 2026-2030-cu illər üçün sosial-iqtisadi inkişafı məqsədilə ümumilikdə 15 milyon manat, o cümlədən xarici investisiyaların da cəlb edilməsi istiqamətində işlərin davam etdirilməsi nəzərdə tutulur.