Bank Of Baku

Şahmar Mövsümov: Dövlət Proqramı qarşıdakı beş ildə aqrar sektorun inkişaf istiqamətlərini müəyyən edən əsas strateji sənəddir

Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov

© APA | Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov

# 23 iyun 2026 11:24 (UTC +04:00)

“Bildiyiniz kimi, 25 may 2026-cı il tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş geniş müşavirə keçirilib. Həmin müşavirədə aqrar sahənin mövcud vəziyyəti ətraflı təhlil edilib, əldə olunmuş nəticələr qiymətləndirilib və qarşıda duran əsas vəzifələr müəyyən edilib.

Elə həmin gün cənab Prezident tərəfindən “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı” təsdiq edilib. Bu proqram qarşıdakı beş il ərzində aqrar sektorun inkişaf istiqamətlərini müəyyən edən əsas strateji sənəddir”.

APA-nın yerli müxbiri xəbər verir ki, bunu “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nın müzakirəsi ilə bağlı Qax rayonunda keçirilən regional müşavirədə çıxışında Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov deyib.

Şahmar Mövsümov bildirib ki, Prezidentin tapşırıqlarına uyğun olaraq hazırda ölkənin bütün iqtisadi rayonlarında Dövlət Proqramının məqsəd və vəzifələrinin izah edilməsi, yerlərdə mövcud vəziyyətin qiymətləndirilməsi və sahibkarların təkliflərinin dinlənilməsi məqsədilə müşavirələr keçirilir: “Bugünkü görüş də həmin prosesin tərkib hissəsidir.

Dövlət Proqramının qəbul edilməsi təsadüfi deyil. Son on il ərzində aqrar sahədə mühüm institusional və struktur islahatlar həyata keçirilib, dövlət dəstəyi mexanizmləri genişləndirilib, müasir infrastruktur yaradılıb, aqroparklar formalaşdırılıb, su təsərrüfatı və meliorasiya sahəsində iri layihələr icra edilib. Artıq kənd təsərrüfatının davamlı inkişafı üçün zəruri baza formalaşdırılıb.

Lakin cənab Prezident müşavirədə xüsusi olaraq vurğulayıb ki, ölkəmizin aqrar sahədə mövcud potensialı əldə olunan nəticələrdən daha böyükdür. Azərbaycanın torpaq, su, iqlim və insan resursları daha yüksək məhsuldarlıq, daha yüksək gəlirlilik və daha güclü ixrac imkanları yaratmağa imkan verir. Buna görə də qarşıdakı dövrün əsas vəzifəsi yaradılmış imkanları daha böyük iqtisadi nəticələrə çevirməkdir”.

O bu gün dünyada ərzaq təhlükəsizliyi, iqlim dəyişiklikləri, su ehtiyatlarının məhdudluğu və qlobal bazarlarda artan rəqabətin kənd təsərrüfatına yanaşmanı dəyişdiyini vurğulayıb: “Belə şəraitdə uğur yalnız istehsalın həcmi ilə deyil, məhsuldarlıq, səmərəlilik, texnologiya və əlavə dəyər yaratmaq bacarığı ilə ölçülür.

Bu baxımdan Dövlət Proqramının əsas məqsədi kənd təsərrüfatında məhsuldarlığın, gəlirliliyin və rəqabət qabiliyyətinin artırılması, emal imkanlarının genişləndirilməsi, ixrac potensialının gücləndirilməsi və aqrar sahənin dayanıqlı inkişafının təmin edilməsidir.

Bu mərhələdə əsas məqsəd mövcud torpaq və su ehtiyatlarından daha səmərəli istifadə etməklə hər hektardan daha çox məhsul əldə etmək, hər təsərrüfatın gəlirliliyini artırmaq, istehsal olunan məhsulun daha böyük hissəsini emal etmək və daha yüksək əlavə dəyər yaratmaqdır”.

Şahmar Mövsümov qeyd edib ki, bugünkü regional müşavirənin əsas məqsədi Dövlət Proqramında nəzərdə tutulan hədəf və vəzifələri birgə müzakirə etmək, fermerlərin və sahibkarların rəy və təkliflərini dinləmək, yerlərdə mövcud vəziyyəti qiymətləndirmək və proqramın icrası ilə bağlı qarşıda duran vəzifələri dəqiqləşdirməkdir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR