Bank Of Baku

Oqtay Şirəliyev: “Azərbaycanda əhaliyə qeydiyyatdan keçməmiş bir dərman belə satılmır”

Oqtay Şirəliyev: “Azərbaycanda əhaliyə qeydiyyatdan keçməmiş bir dərman belə satılmır”
# 05 noyabr 2008 16:25 (UTC +04:00)
Şamaxı. Şahnəzər Bəşirov-APA. “Bu gün Azərbaycanda əhaliyə qeydiyyatdan keçməmiş bir dərman belə satılmır”. APA-nın Şirvan bürosunun xəbərinə görə, bu barədə jurnalistlərə açıqlamasında səhiyyə naziri Oqtay Şirəliyev bildirib. Son zamanlar Azərbaycanda dərmanların qiymətində artım müşahidə olunması barədə suala cavab olaraq nazir deyib ki, hazırda ölkədə dərmanlara çox ciddi nəzarət olunur: “Hamı bilirdi ki, əvvəllər Azərbaycana gətirilən dərmanlar keyfiyyətsiz və saxta idi. Ona görə də qiymətlər çox aşağı idi. Bu ilin əvvəlindən isə ölkəyə gətirilən dərman vasitələri qeydiyyatdan keçir. Əlbəttə, həqiqi və keyfiyyətli dərmanın qiyməti də müəyyən qədər baha olur. Bu qiymət artımı isə özəl səhiyyədə, əczaçılıqda müşahidə olunur”. O. Şirəliyev bu sahədə müəyyən işlər görməyə, qiymətləri tənzimləyə çalışacaqlarını deyib.

Nazir onu da deyib ki, Azərbaycanda hazırda şəkərli diabet xəstələrinin pulsuz dərman preparatları ilə təmin olunması üçün dövlət proqramı həyata keçirilir: “Bu ildən başlayaraq bütün şəkərli diabet xəstələrinə qlükomidlər paylanır. Dövlət proqramı qəbul olunanda Azərbaycanda 63 min şəkərli diabet xəstəsi qeydiyyata alınmışdı. Bu proqramın icrası zamanı əhaliyə dərmanlar pulsuz verildikcə məlum oldu ki, şəkərli diabet xəstələrinin sayı 100 mindən də artıqdır. Yəni bu xəstələr əvvəllər heç vaxt qeydiyyatdan keçməyiblər, pulsuz xidmət olmadığı üçün buna onların heç marağı da olmayıb. Dövlət tərəfindən yardım alandan sonra isə qeydiyyat üçün müraciət edənlərin sayında artım qeydə alındı. Nəticədə məlum oldu ki, alınması nəzərdə tutulmuş dərman preparatları bu ilin sonunadək bütün xəstələrə çatmayacaq”.

Nazir deyib ki, Səhiyyə Nazirliyi bununla əlaqədar Nazirlər Kabinetinə müraciət edib və Maliyyə Nazirliyi məsələ ilə bağlı əlavə vəsait ayırıb: “Yeni dərman və qlükomidlər alınaraq xəstələrə çatdırılacaq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR