Bank Of Baku

Lənkəranda insan alverinə qarşı mübarizə mövzusunda seminar keçirilib

Lənkəranda insan alverinə qarşı mübarizə mövzusunda seminar keçirilib
# 12 noyabr 2008 09:44 (UTC +04:00)
Lənkəran. Ağəddin Babayev-APA. “Narkotik maddələr və silah alverindən sonra üçünçü ən çox gəlir gətirən cinayətkarlıq sahəsi insan alveridir. İnsan alveri dedikdə təkcə qadınların cinsi istismarı nəzərdə tutulmamalıdır. Bu cinayətin təsnifatında insanların müxtəlif bədən üzvlərinin satışı da mühüm yer tutur”. APA-nın Cənub bürosunun məlumatına görə, bu fikirlər “İnsan alverinə qarşı mübarizə” mövzusunda Lənkəran gəncləri üçün keçirilən seminarda səslənib. Lənkəran Dövlət Universiteti, Lənkəran Tibb Texnikumu və Lənkəran Dövlət Humanitar Kolleci tələbələrinin iştirak etdiyi tədbiri giriş sözü ilə açan Lənkəran şəhər gənclər və idman idarəsinin rəisi Yalçın Əhmədov seminarın keçirilməsində əsas məqsədin gənclərin insan alveri ilə bağlı məlumatlılığının artırılmasından ibarət olduğunu bildirib. Respublika Gənclər və İdman Nazirliyinin nümayəndəsi Fərid Qurbanzadə çıxışında narkotik maddələr və silah alverindən sonra insan alverinin dünyada ən çox gəlir gətirən sahə olduğunu vurğulayıb. Bir sıra ölkələr üçün insan alverinin uzun illər çətin problem olaraq qaldığını deyən F. Qurbanzadə Azərbaycanda yeni sayılan bu cinayətin artıq aktual xarakter aldığını diqqətə çatdırıb. Onun sözlərinə görə, ölkəmizdə insan alverinin qurbanları əsasən qadınlar və uşaqlardır. İşbazlar iş bəhanəsi ilə qız və oğlanları aldadaraq xaricə aparır, onları əmək və cinsi istismara təşviq edirlər. Bu cür neqativ halların qarşısını almaq məqsədilə prezident İlham Əliyevin 6 may 2004-cü il tarixli sərənsamı ilə “Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizə üzrə Milli Fəaliyyət Planı”nın təsdiq olunduğunu qeyd edən Gənclər və İdman Nazirliyinin rəsmisi sözü gedən sənədə müvafiq olaraq təmsil etdiyi qurum tərəfindən gənclər arasında maarifləndirmə işlərinin aparıldığını, keçən ildən başlayaraq qeyri-hökumət təşkilatları ilə birlikdə ölkənin bir sıra şəhər və rayonlarında bu cür təşviqat xarakterli tədbirlərin keçirildiyini bildirib. Seminarın sonunda gəncləri maraqlandıran suallar cavablandırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR