Bank Of Baku

Dövlət Sosial Müdafiə Fondu: «Əmək kitabçası əhəmiyyətini itirir»

Dövlət Sosial Müdafiə Fondu: «Əmək kitabçası əhəmiyyətini itirir»
# 02 mart 2009 10:19 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan-Türkiyə İş Adamları Birliyinin (ATİB) üzvləri ilə Azərbaycan Dövlət Sosial Müdafiə Fondunun (DSMF) nümayəndələri arasında görüş keçirilib.
ATİB-dən «APA-Economics»ə verilən məlumata görə, görüşdə DSMF-nin sığorta-pensiya siyasəti və strateji araşdırmalar şöbəsinin müdiri Elman Mehdiyev, maliyyə-büdcə şöbəsinin müdiri İdris İsayev və fərdi uçotun təşkili şöbəsinin müdiri Şəlalə Cəfərova iştirak ediblər. Görüşün keçirilməsində məqsəd Azərbaycanın sosial sığorta və əmək pensiyası siyasəti, icbari sosial sığorta, fərdi uçot sistemi və s. barədə iş adamlarını məlumatlandırmaq olub.
Görüş çərçivəsində fərdi uçot sistemi ilə bağlı bəyannamələrin yaxın zamanlarda qəbul edilməyə başlanacağını bildirən İ.İsayev həmçinin qeyd edib ki, yaxın vaxtlarda www.sspf.gov.az saytında yeni DSMF hesabat forması yerləşdiriləcək və onun doldurulma qaydası orada göstəriləcək: «Bu, əvvəlki hesabat formasından kəskin şəkildə fərqlənəcək».
E.Mehdiyev hər bir vətəndaşın adına hesab açıldığı və onun ödədiyi sığorta haqqına görə sığorta hüququnun müəyyən edildiyi barədə məlumat verib: «Əmək kitabçası DSMF üçün əhəmiyyətini itirir. Lakin bu, əmək kitabçasının ləğvi demək deyil. Əmək kitabçası vətəndaşın zəruri sənədləri sırasında yer almaqda davam edəcək».
E.Mehdiyev gələcəkdə sosial sığorta şəhadətnaməsinin işə götürənlərin işçidən tələb edilən sənədlər sırasına daxil edilməsinin də mümkünlüyünü ifadə edib.
E.Mehdiyev həmçinin yeni tətbiq olunan sistemin əsas həvəsləndirici amilinin indeksləşdirmə olduğunu qeyd edib: «Sığorta olunan tərəfindən ödənilən vəsait inflyasiyadan qorunur. Gələcəkdə vətəndaşları bu sistemə cəlb edilməsi üçün ödənilən sığorta haqları barədə məlumatların elektron ünvan və ya cib telefonlarına göndərilməsi ehtimalı da istisna olunmur».
Ş.Cəfərova işə qəbul edilən şəxsin 1 ay müddətində fərdi uçot sistemində uçota alınmaq üçün qeydiyyata düşməli olduğundan söz açaraq bildirib ki, hər bir sığorta olunan üçün ilin sonunda ödədiyi sığorta haqqında məlumat göndəriləcək. Ş.Cəfərova bu prosesin ləngimədən həyata keçirilməsi üçün həqiqi yaşayış yerlərini dəyişmələri haqqında məlumat vermələrinin zəruri olduğunu qeyd edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR