Bank Of Baku

Milli Tempus Məlumat Gününə həsr olunmuş beynəlxalq konfrans keçirilib

Milli Tempus Məlumat Gününə həsr olunmuş beynəlxalq konfrans keçirilib
# 06 mart 2009 09:42 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Bu gün Azərbaycan Dillər Universitetində (ADU) Milli Tempus Məlumat Gününə həsr olunmuş beynəlxalq konfrans keçirilib. APA-nın məlumatına görə, konfransda 2008-ci ildə Tempus IV proqramı üzrə təkliflərin nəticələri bu il üçün Tempus IV proqramı çərçivəsində təkliflərin verilməsinə dair dəvət, “Erasmus Mundus Xarici əməkdaşlıq pəncərəsi” proqramında Azərbaycan universitetləri üçün imkanlar və Azərbaycan Milli Tempus Ofisinin rolu müzakirə olunub. Konfransın açılış mərasimində çıxış edən universitetin rektoru Səməd Seyidov bildirib ki, Tempus proqramlarının fəaliyyəti nəticəsində müəllimlər xaricdə təcrübə qazanırlar: “Ən əsas məqam ondan ibarətdir ki, Tempus proqramları Azərbaycanda təhsil sisteminin inkişafına və dünya standartlarına yaxınlaşmasına təkan verir”. S. Seyidovun sözlərinə görə, Tempus proqramları Avropanın ən böyük universitetlərinin fəlsəfəsini Azərbaycana gətirərək, Azərbaycanın təcrübəsini Avropaya aparacaq.

Təhsil nazirin müavini Elmar Qasımov isə bildirib ki, konfrans Avropa İttifaqının maliyyələşdirdiyi Tempus proqramları ilə bağlı maarifləndirmə işlərini gücləndirəcək: “Bu proqramlar vasitəsilə bizim universitetlər Avropa universitetlərinə inteqrasiya imkanı əldə edib. Bu günə qədər Azərbaycan 25-ə yaxın ali məktəbi 41 layihə həyata keçirib. Bu layihələrin həyata keçirilməsinə Avropa İttifaqı 6 milyon avroya qədər vəsait ayırıb”. E. Qasımovun sözlərinə görə, Azərbaycan hələ də Tempus proqramlarında iştiraka görə qonşu ölkələrdən geri qalır: “Biz öz potensialımızdan tam şəkildə istifadə etməmişik. Gürcüstan və Ermənistan Azərbaycandan daha çox layihə udub. Bunun əsas səbəbi rektorların təşəbbüs göstərməməsi, xarici dildə layihə yazmağı bilən müəllimlərin azlığıdır”. Nazir müavini qeyd edib ki, Avropa İttifaqı tərəfindən 2009-2013-cü illər ərzində Erasmus Mundus proqramına 1 milyard avro vəsait ayrılıb: “Azərbaycan universitetləri bu vəsaitin ölkəyə yönləndirilməsi üçün çalışmalıdır”.

Avropa Komissiyasının Azərbaycandakı nümayəndəsi, səfir Alan Vaddams isə bildirib ki, Aİ bütün qonşu ölkələrdə çicəklənmə, sabitlik, inkişaf tərəfdarıdır. Bu istiqamətdə ən mühüm prioritetin təhsilin inkişafı olduğunu deyən A. Vaddamsın sözlərinə görə, Aİ tələbə mübadiləsinin artırılmasını, Azərbaycanın Boloniya prosesinə daha tez keçməsini, Avropaya inteqrasiyanı sürətləndirən təhsil, təhqiqat işlərinin genişləndirməsini vacib sayır. Onun sözlərinə görə, bu yaxınlarda imzalanacaq “Şərq Tərəfdaşlığı” proqramı Avropa Qonşuluq Siyasətinin daha intensiv həyata keçməsinə şəraiti yaradacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR