Bank Of Baku

Azərbaycan əhalisinin siyahıya alınması zamanı xarici vətəndaşlar və «bomjlar» da nəzərə alınacaq

Azərbaycan əhalisinin siyahıya alınması zamanı xarici vətəndaşlar və «bomjlar» da nəzərə alınacaq
# 01 aprel 2009 15:02 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva - APA. Aprelin 13-dən 22-dək Azərbaycanda keçiriləcək əhalinin siyahıyaalınmasına 24 min nəfər cəlb olunacaq. DSK-nın aparat rəhbəri Ziyad Abbasəliyevin APA-ya verdiyi məlumata görə, hazırda siyahıyaalmaya cəlb olunan 24 min nəfər üçün təlimatlar keçirilir. Onlardan 19 min nəfəri birbaşa sorğunu keçirəcək sayıcılardır. Təlimlər aprelin 6-da yekunlaşacaq, sonra sayıcılar təlimatçılarla birgə öz sahələrinə ilkin baxış keçirəcəklər.
Siyahıyaalmanın aparılması üçün hər 5 sayıcıya 1 təlimatçı-nəzarətçi təyin olunub, hər 7 təlimatçı-nəzarətçidən ibarət bir siyahıyaalma məntəqəsi təşkil edilib. Məntəqələr ayrı-ayrı yaşayış məntəqələrində fəaliyyət göstərəcək. Məntəqələr sayıcı və təlimatçıların işini birbaşa koordinasiya edərək siyahıyaalmanı aparacaq. Hər məntəqə təxminən 17-18 min nəfərin siyahıya alınmasını təşkil edəcək. Bir siyahıyaalma məntəqəsində orta hesabla 35 sayıcı olacaq, bir sayıcı isə 450 nəfəri sorğu edəcək. Qeyd edək ki, 35 sualın qeyd olunduğu sorğu blankları siyahıyaalmadan bir gün əvvəl sayıcılara təqdim ediləcək.
Z.Abbasəliyevin sözlərinə görə, siyahıyaalma əhalinin qeydiyyata alındığı yer üzrə deyil, faktiki yaşadığı yer üzrə şifahi sorğu əsasında aparılacaq. Siyahıyaalama həm də kollektiv ev təsərrüfatlarında - qocalar evi, kimsəsizlər evi, internatlarda da aparılacaq. Bununla yanaşı, heç bir yaşayış yeri olmayanlar («bomj») da siyahıyaalmada iştirak edəcək. Belə şəxslərin siyahıyaalmaya cəlbi üçün stansiyalarda, vağzallarda sayıcılar sorğu keçirəcəklər. Həmin müddətdə Azərbaycanda olacaq xarici ölkə vətəndaşları da müvəqqəti yaşayan şəxs kimi siyahıya alınacaq. Bu cür sorğular siyahıyaalmanın ilk günündə keçiriləcək.
Sorğu zamanı cavabları təsdiqləyən heç bir sənəd tələb edilməyəcək. Aparat rəhbəri ucqar kəndlərdə də siyahıyaalmanın aparılmasında heç bir problemin yaranmayacağını söyləyib. Komitə səlahiyyətlisinin sözlərinə görə, hava şəraiti həmin yerlərdə bu prosesin həyata keçirilməsinə imkan verəcək. Ucqar kəndlərdə siyahıyaalamanı həmin əraziyə yaxşı bələd olan sayıcılar aparacaq.
Siyahıyaalma prosesi 2011-ci ildə tam yekunlaşacaq. Həmin müddətədək bütün rayon və şəhərlərdən məlumatlar qəbul ediləcək, statistik məcmuələr hazırlanaraq ictimaiyyətə təqdim olunacaq.
Qeyd edək ki, yanvarın 1-ə olan məlumata görə, Azərbaycanın 8,733 mln. nəfər əhalisi var.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR