Bank Of Baku

Təhsil Nazirliyinin Məlumat və Resurs Mərkəzinin açılış mərasimi keçirilib

Təhsil Nazirliyinin Məlumat və Resurs Mərkəzinin açılış mərasimi keçirilib
# 11 iyun 2009 12:09 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Bu gün Təhsil Nazirliyinin Məlumat və Resurs Mərkəzinin (DATA Mərkəzi) açılış mərasimi keçirilib. APA-nın məlumatına görə, açılış mərasimində təhsil naziri Misir Mərdanov, rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov və digər rəsmi şəxslər iştirak ediblər. Təhsil naziri Misir Mərdanov deyib ki, “2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı” çərçivəsində yaradılmış DATA Mərkəzi təhsil sektorunun informasiyalaşdırılmasında mühüm yer tutacaq. Hələlik DATA Mərkəzi İP telefon şəbəkəsi ilə 10 məktəb qoşulub. Yaxın gələcəkdə Bakının, Sumqayıtın və Abşeronun 200 məktəbi geniş zolaqlı internet şəbəkəsinə qoşulacaq. DATA Mərkəz tam gücü ilə işə düşəndən sonra isə Azərbaycan mövcud olan 7 min təhsil müəssisəsinin hamısı bu mərkəzə bağlanacaq: “DATA Mərkəzi vasitəsilə təhsil sahəsi ilə bağlı bütün məlumatları əldə etmək mümkün olacaq. Mərkəzdə böyük təhsil portalı fəaliyyət göstərəcək. Həm təhsilin idarəetmə qurumları, həm təhsil alanlar, həm də müəllimlər bu mərkəzə qoşula biləcəklər”. Nazir deyib ki, DATA Mərkəzində internetlə bağlı böyük filtr yaradılacaq və bununla da cəmiyyəti narahat edən neqativ hallar dərhal aradan qaldırılacaq. M. Mərdanovun sözlərinə görə, təhsil sistemində çalışan müəllimlər üçün DATA Mərkəzində xüsusi təlim kursları keçiriləcək. İndiyədək 20 mindən çox məktəb müəllimi belə kurslara cəlb olunub. Azərbaycanda isə ümumilikdə 170 mindən çox ota məktəb müəllimi fəaliyyət göstərir: “İnformatika müəllimləri ilə yanaşı, bütün müəllimlər informasiya kommunikasiya texnologiyalarından istifadə etməyi bacarmalıdırlar”.
Nazir qeyd edib ki, Azərbaycan təhsil şəbəkəsində internetə “giriş və çıxış nöqtəsi” olmaqla yanaşı, mərkəz həmçinin təhsilə aid informasiya resurslarının toplanacağı yer olacaq. Mərkəzdə xüsusi təhlükəsizlik qəfəsi qurulub, bütün avadanlıqların 24 saat və rezervli çalışması üçün hər cür texniki imkan yaradılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR