Bank Of Baku

Bu il Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun qırmızı diplomla bitirənlər arasında azərbaycanlı tələbə də var

Bu il Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun qırmızı diplomla bitirənlər arasında azərbaycanlı tələbə də var
# 12 iyun 2009 08:22 (UTC +04:00)
Moskva. R. Mətləboğlu-APA. Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda 2009-cu buraxılış ilinin məzunlarına diplomların və xüsusi medalların təqdim olunması ilə bağlı təntənəli mərasim keçirilib. APA-nın Moskvadakı müxbirinin verdiyi məlumata görə, institutu əlaçı bitirənlər arasında həmyerlimiz, beynəlxalq jurnalistika fakültəsinin məzunu Aida Nemətova da var. Ona qırmızı diplomla yanaşı universitetdə təhsil dövründə əldə etdiyi akademik uğurlara görə medal da təqdim olunub.

Tədbirin açılış mərasimində çıxış edən Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun rektoru Anatoli Torkunov məzunları həyatlarının bu əlamətdar günü münasibətilə təbrik edib. O tədris prosesində xüsusilə MDB ölkələrindən mütəxəssislərin hazırlanmasının mühüm əhəmiyyət kəsb etdiyini deyib. Rektorun sözlərinə görə, mərasimdə Rusiyadan 77 və dünyanın 16 ölkəsindən 40 tələbəyə diplomlar təqdim olunacaq: “Bu il institutumuzu MDB, Mərkəzi və Şərqi Avropadan Rusiya dövlətinin təqaüdü hesabına təhsil alan 112 məzun bitirir. İnstitutumuzda MDB ölkələrindən 500 tələbə oxuyur, bu, Rusiya dövlətinin təqaüdü hesabına təhsil alanların 10 faizini təşkil edir. Bu bir daha təsdiqləyir ki, MDB bizim üçün prioritet istiqamətdir”.

Tədbirdə çıxış edən Rusiya prezident administrasiyasının rəhbəri Sergey Narışkin bu institutun diplomlarının yüksək karyera əldə etmək yolunda vizit kartı rolu oynadığını deyib: “Bu il 16 ölkədən olan tələbələr Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun diplomlarını alacaqlar. Bu institutun məzunları arasında 2 prezident, 14 hökumət başçısı, 10 nazir var. Əminəm ki, burada alınmış keyfiyyətli təhsil sizə uğurlu karyera qurmaqda kömək edəcək”.

Daha sonra Sergey Narışkin ən yaxşı tələbələrə, o cümlədən həmyerlimiz Aida Nemətovaya diplomları və tədris dövründə akademik uğurlara görə təltif olunduqları medalları təqdim edib. Tədbirdə çıxış edən Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu bildirib ki, məzunlar öz işlərində uğurla çalışsalar, bu institutun məzunu olmuş Azərbaycan prezidenti İlham Əliyev kimi onlar da bir gün prezident ola bilərlər: “Azərbaycan səfiri kimi mənim üçün çox xoşdur ki, Azərbaycandan olan bir çox tələbə bu institutun diplomunu alır, Aida Nemətova isə qırmızı diplomla yanaşı təhsildə akademik uğurlara görə medalla təltif olunur. Azərbaycanın ümummilli lideri Heydər Əliyev və Azərbaycan prezidenti İlham ƏLuyev bu tədris ocağının fəxri doktorlarıdır. Hamıya arzu edirəm ki, bir gün siz də Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun fəxri doktoru adına layiq görüləsiniz”. Daha sonra Polad Bülbüloğlu səfirliyin adından Aida Nemətovaya xatirə hədiyyəsi və çiçək dəstəsi təqdim edib. Qeyd edək ki, bu il Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunu bitirənlər arasında soydaşlarımız Soad Bağırova, Zaur İbrahimov və Fuad Əlizadə də var.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR