Bank Of Baku

Gənclər və İdman Nazirliyinin nəzdində Gənclərlə İş üzrə İctimai Şuranın növbəti iclası keçirilib

Gənclər və İdman Nazirliyinin nəzdində Gənclərlə İş üzrə İctimai Şuranın növbəti iclası keçirilib
# 12 iyun 2009 15:34 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Gənclər və İdman Nazirliyinin nəzdində Gənclərlə İş üzrə İctimai Şuranın növbəti iclası keçirilib. APA-nın məlumatına görə, iclasda çıxış edən gənclər və idman nazirinin müavini İntiqam Babayev bildirib ki, İctimai Şuranın fəaliyyətinin yaxşılaşdırılması məqsədi ilə qurum daxilində müxtəlif komissiyaların yaradılması nəzərdə tutulur. Komissiyalar əsasən sosial, sağlamlıq, beynəlxalq, intellektual, elm, vətənpərvərlik və məşğulluq sahələrini əhatə edəcək. İ. Babayev bununla bağlı gənclər təşkilatlarının irəli sürəcəyi təkliflərin də nəzərə alınacağını qeyd edib. Onun sözlərinə görə, komissiyalarda təmsil olunacaq ictimai təşkilatlar sonradan öz toplantılarını keçirəcək və əlaqələndirici şəxs seçəcəklər. O, Şuranın növbəti iclasına kimi komissiyaların strukturlarının da işlənib hazırlanacağını qeyd edib.

İclasda 2010-2013-cü illər üçün gənclərlə bağlı növbəti dövlət proqramının hazırlanması ilə bağlı məsələ müzakirə edilib və gənclər təşkilatlarının müxtəlif təklifləri dinlənilib. İ. Babayev bildirib ki, təşkilatlar proqramla bağlı təkliflərini bir ay müddətində yazılı şəkildə nazirliyə təqdim etməlidir. Bundan sonra qurum müvafiq dövlət proqramının layihəsini hazırlayacaq.

Nazirliyin Gənclər təşkilatları ilə iş sektorunun müdiri Fuad Babayev iyunun 25-də Gəncə şəhərində keçiriləcək Gənclər Təşkilatlarının III respublika sərgisi barədə məlumat verib. Onun sözlərinə görə, bu sərgidə iştirak etmək könüllüdür. F. Babayev bu günə qədər sərgidə iştirak etmək üçün yalnız 40 təşkilatın müraciət etdiyini vurğulayıb.

İclasda həmçinin, bundan əvvəlki mərhələdə nazirliyin maliyyələşdirdiyi layihələr çərçivəsində həyata keçirilən tədbirlərin KİV-də işıqlandırılması ilə bağlı məsələlər müzakirə edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR