Bank Of Baku

Qədim Qəbələ şəhərinə çəkilmiş əsas su kəmərinin qalıqları tapılıb

Qədim Qəbələ şəhərinə çəkilmiş əsas su kəmərinin qalıqları tapılıb
# 13 iyun 2009 07:47 (UTC +04:00)
Bakı. Elnur Məmmədli - APA. Azərbaycanın Qəbələ rayonunda arxeoloji tədqiqatlar aparan Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) ekspedisiyası bir sıra maraqlı tapıntılar aşkarlayıb. Şəhərin orta əsrlərə aid hissəsində axtarış aparan ekspedisiyanın rəhbəri Qafar Cəbiyev APA-ya bildirib ki, onlar şəhərə gələn əsas su kəmərinin qalıqlarını tapıblar. İndiyə qədər həmin kəmərin heç kimə məlum olmadığını deyən Q. Cəbiyev bildirib ki, şəhərin şimal istiqamətindən - Mirzəbəyli kəndinin yaxınlığındakı Uzuntala adlı ərazidən başlayan kəmər çox nəhəngdir: “Kəmər iri saxsı borulardan ibarətdir. Mütəxəssislərin hesablamalarına görə, bu kəmərlə sutka ərzində şəhərə 350 ton su daxil ola bilirmiş. Maraqlı brasındadır ki, su kəməri tunel atılaraq yerin altı ilə çəkilib, onun yerin üstü ilə heç bir əlaqəsi yoxdur. Tunelin dərinliyi 1.4 metrdən çoxdur. Kəmərin üstü bəzi yerlərdə kərpiclə kəhriz formasında bağlanıb”.

Q. Cəbiyev bildirib ki, axtarışlar zamanı şəhərin şimal qapısı hesab olunan ərazidə olmuş körpünün bişmiş kərpicdən tikilmiş dayaq hissəsi, 16-cı əsr aid bir küp dəfinə, üzərində ərəb əlifbası ilə yazı olan saxsı disk də aşkar edilib. Q. Cəbiyev tarix elmləri doktoru, AMEA-nın müxbir üzvü İlyas Babayevin rəhbərlik etdiyi digər ekspedisiyanın şəhərin antik dövr hissəsində araşdırmalar apardığını bildirib.

Qeyd edək ki, ekspedisiya AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun nəzdində fəaliyyət göstərir və SEBA - Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyası tərəfindən maliyyələşdirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR