Bank Of Baku

Balakən sakinləri rayonda mal-qaraya baytarlıq xidməti göstərilən sahənin qanunsuz satıldığını bildirirlər

Balakən sakinləri rayonda mal-qaraya baytarlıq xidməti göstərilən sahənin qanunsuz satıldığını bildirirlər
# 04 iyul 2009 07:23 (UTC +04:00)
Balakən. Vüqar Heydərov-APA. Balakənin Hənifə kəndində mal-qaraya baytarlıq xidməti göstərilən torpaq sahəsi qanunsuz satılıb. Bu barədə APA-nın Şəki-Zaqatala bürosuna Balakən rayon Hənifə kəndinin bir qrup sakini məlumat verib. Sakinlərin məlumatına əsasən, kəndə kolxoz sistemi dövründən, kənd əhalisinin mal-qarasına baytarlıq xidmətləri göstərmək üçün xüsusi torpaq ərazisi ayrılıb. Kənddə aparılan islahatlar zamanı həmin ərazi gələcəkdə kəndin mal-qarasında baytarlıq xidmətləri aparmaq üçün qorunub saxlanılıb və bələdiyyə sistemi yarandıqdan sonra Hənifə kənd bələdiyyəsinin balansına verilib. Son illər Hənifə kənd bələdiyyəsinin sədri Oqtay Mehdiyev sözü gedən ərazini bir neçə dəfə satmağa cəhd etsə də, yerli sakinlərin səyi nəticəsində buna nail ola bilməyib. Məlumata görə, 2008-ci ildə Prezident Aparatından rayona nümayəndələr gələn zaman Hənifə kəndində olub, əraziyə baxış keçirib. Belə gərara gəlinib ki, həmin ərazidən kəndi təmin edən içməli su xətti keçdiyi və kəndin mal-qarasına baytarlıq xidmətləri göstərilməsi üçün torpaq ərazisi satıla bilməz. Buna məhəl qoymayan bələdiyyə sədri O. Mehdiyev bu il yenidən həmin torpaq ərazisini satmaq fikrindən daşınmayaraq, böyük rüşvət müqabilində ərazini satıb. Sakinlər bu torpaq sahəsində tikinti işləri aparmaq üçün artıq tikinti materialları gətirildiyini də vurğulayıblar.
Məsələ ilə bağlı Balakən rayon Hənifə kənd bələdiyyəsinin sədri Oqtay Mehdiyev APA-ya açıqlamasında bildirib ki, ərazidə əvvəllər kəndin mal-qarasına heç bir baytarlıq xidməti göstərilməyib. Bu, kənd sakinlərinin mal-qarasını naxıra sürmək üçün çıxaran boş 200 kvadratmetr torpaq sahəsidir. O. Mehdiyev həmin ərazinin 2007-ci ildə Hənifə kənd bələdiyyəsi tərəfindən qanuni alqı-satqı olduğunu vurğulayıb.
Hənifə kəndinin icra nümayəndəsi Çingiz Şirinov APA-ya açıqlamasında mübahisəli 200 kvadratmetr torpaq sahəsinin kənd bələdiyyəsi tərəfindən satıldığını təsdiqləyib. Ç. Şirinov həmin ərazidən həqiqətən kəndi içməli su ilə təmin edən əsas su xəttinin keçdiyini bildirib. Ç. Şirinov əraziyə bir maşın qumun gətirildiyini də vurğulayıb. O, ərazidə gələcəkdə aparılacaq tikinti işlərinin qeyri-qanuni olduğunu, bu barədə rayon İcra Hakimiyyətinə artıq xəbər verildiyini bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR