Bank Of Baku

Sentyabrın 1-dən İçərişəhərə avtomobillərin girişi pullu olacaq

Sentyabrın 1-dən İçərişəhərə avtomobillərin girişi pullu olacaq
# 07 avqust 2009 12:27 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Avqustun 1-dən İçərişəhərə avtomobillərin girişi kart sistemi ilə həyata keçirilir. “İçərişəhər” Dövlət Tarix Memarlıq Qoruğunun mətbuat xidmətinin rəhbəri Rahib Azəri APA-ya bildirib ki, bu hələlik test xarakteri daşıyır və kartların alınması üçün heç bir ödəniş tələb edilmir. R. Azərinin sözlərinə görə, bu test bir ay davam edəcək və sentyabrın 1-dən avtomobillərin girişi pullu olacaq: “İçərişəhərə mütəmadi olaraq daxil olan, buradakı şirkətlərdə işləyən şəxslərin avtomobillərinin daxili üçün onlar Dövlət Qoruğunun binasından uzunmüddətli kart ala bilərlər. Bu kartlar bir ay müddətində etibarlı olacaq. R. Azəri hələlik bu kartların qiymətinin müəyyənləşmədiyini deyib. Amma təsadüfən gələn avtomobillərin sahiblərinə isə girişlərdə bir giriş üçün kartlar veriləcək. Həmin avtomobillər İçərişəhəri tərk edərkən o kartlar girişlərdəki postlara təhvil verməlidirlər”. R. Azəri bildirib ki, İçərişəhərdə yaşamayan və burada yerləşən şirkətlərə məxsus olmayan avtomobillərin girişi 2 manat olacaq. 2 manatlıq giriş kartı ilə avtomobillər İçərişəhərdə yalnız 1 saat qala bilər. Əgər avtomobil 1 saatdan artıq İçərişəhərdə qalarsa, o zaman hər saat üçün 1 manat əlavə pul ödəniləcək. İçərişhəhərdə yaşayan və burada yerləşən şirkətlərə məxsus avtomobillərin giriş haqları içə hələlik müəyyənləşməyib.

Mətbuat xidmətinin rəhbəri onu da qeyd edib ki, İçərişəhərdəki yollarda avtomobillərin hərəkəti artıq birtərəflidir və həmçinin “İçərişəhər” metrostansiyasının arxasındakı darvazadan çıxış kimi istifadə olunur: “Hazırda İçərişəhərə iki giriş və üç çıxış var”.

R. Azəri ərazidə tıxacların qarşısının alınması üçün İçərişəhərə avtomobillərin girişi ilə bağlı limitin də müəyyən ediləcəyini bildirib. Limit müəyyən edildikdən sonra həmin limitdən yuxarı avtomobillər əraziyə buraxılmayacaq. Bununla bağlı isə girişlərdə iri monitorlar quraşdırılacaq. Həmin monitorlarda İçərişəhərə girişin mümkün olub-olmaması barədə məlumatlar yerləşdiriləcək. R. Azəri girişin pullu olmasından sonra mühafizənin də gücləndirildiyini qeyd edib. O, həmçinin hazırda İçərişəhərin bir sıra hissələrində təmir-abadlıq işlərinin aparıldığını, qanunsuz tikinti işlərinin aparılmadığını da vurğulayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR