Bank Of Baku

Səməd Seyidov Hindistanın Azərbaycandakı səfiri ilə görüşüb

Səməd Seyidov Hindistanın Azərbaycandakı səfiri ilə görüşüb
# 11 avqust 2009 14:51 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Azərbaycan Dillər Universitetinin (ADU) rektoru Səməd Seyidov Hindistanın Azərbaycandakı səfiri Debnad Şou ilə görüş keçirib. ADU-nun mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, görüşdə Hindistanla Azərbaycan arasındakı əlaqələr, ölkələrin dil və mədəniyyət sahəsində inkişafı, eyni zamanda hər iki ölkənin təhsil sistemləri, universitetlər arasındakı əlaqələr, qarşılıqlı müəllim-tələbə mübadiləsi və digər məsələlərlə bağlı müzakirələr aparılıb. Səməd Seyidov ADU-nun nəzdində fəaliyyət göstərən Amerika, İtaliya, Skandinaviya, İsrail və digər ölkələri təmsil edən mərkəzlər barədə səfirə məlumat verib. O, hind dili mütəxəssisləri ilə əməkdaşlıq etməkdə maraqlı olduğunu bildirib: “ADU-da Hind Dili Mərkəzinin və ya hind dili kurslarının açılması ali məktəblərimiz arasında əlaqələrin genişlənməsinə böyük töhfə verəcək”.

Səfir Debnad Şou da həm Azərbaycan, həm də Hindistanın tələbə-müəllim mübadilə proqramlarına ehtiyacları olduğunu söyləyib: “ADU-da Hind Dili Mərkəzinin açılması yaxşı olardı. Həm də Hindistan mədəniyyətinə həsr olunmuş mühazirələr, seminarlar, müsabiqələr və tələbələr arasında tədqiqat işlərinin aparılması universitetlərarası əlaqələri daha da genişləndirərdi”.

Görüşdə ADU-da Hind Dili Mərkəzinin açılması istiqamətində fəaliyyət göstərilməsi barədə razılıq əldə olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR