Bank Of Baku

Azərbaycanda pensiyaların orta məbləği orta aylıq əmək haqqının 33%-nə bərabərdir

Azərbaycanda pensiyaların orta məbləği orta aylıq əmək haqqının 33%-nə bərabərdir
# 20 avqust 2009 09:05 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin iyul ayının 1-i vəziyyətinə Azərbaycanda əhalinin sosial müdafiəsi orqanlarının qeydiyyatında 1 292,6 min nəfər pensiyaçı olub və onlar ölkə əhalisinin 15%-ni təşkil edib.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, pensiyaçıların 65%-i yaşa görə, 24%-i əlilliyə görə, 11%-i isə ailə başçısının itirilməsinə görə pensiya alır.

Təyin olunmuş aylıq pensiyaların orta məbləği ötən ilin müvafiq dövrü ilə müqayisədə 28% artaraq 99,43 manat olub və orta aylıq əmək haqqının 33%-ni təşkil edib.

Dövlət Sosial Müdafiə Fondunun məlumatlarına əsasən, cari ilin altı ayı ərzində əhaliyə pensiya və müavinətlərin maliyyələşdirilməsi üçün 801,5 mln. manat və keçən ilin müvafiq dövründən 198,5 mln. manat və ya 33% artıq vəsait yönəldilib. Vəsaitin 778,7 mln. manatını əhaliyə ödənilən pensiya, 22,8 mln. manatını isə müavinət xərcləri təşkil edib.

Müavinətlərin 8,5 mln. manatı hamiləliyə və doğuşa görə, 7,2 mln. manatı əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə, 4,3 mln. manatı dəfn üçün, 2,8 mln. manatı isə digər ödəmələrin payına düşüb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatlarına görə isə, cari il iyul ayının 1-i vəziyyətinə 287,3 min nəfər 9 899,6 min manat məbləğində sosial müavinətlər alıb. Yaşa görə müavinət alanların sayı 18 min nəfər, əlilliyə görə 91,3 min nəfər, ailə başçısının itirilməsinə görə 31 min nəfər, sağlamlıq imkanları məhdud olduğuna görə müavinət alan 18 yaşadək uşaqların sayı isə 57 min nəfər təşkil edib.

Əmək pensiyasını almaq hüququ olmayan 55,7 min nəfərə 1 355,1 min manat məbləğində kommunal, nəqliyyat və digər xidmətlərə görə güzəştlərin əvəzinə aylıq müavinət təyin olunub.

Eyni zamanda, 11,7 min ailədə olan 22,7 min uşağa müavinət təyin olunub. Bu müavinətləri şəhid ailələrinin, müharibə əlillərinin, I və II qrup Çernobıl AES əlillərinin və müddətli hərbi xidmət qulluqçularının uşaqları alıb. Həmçinin, yetim və valideyn himayəsindən məhrum olmuş uşaqların 1 030 nəfər qəyyumlarına 25,8 min manat məbləğində müavinət təyin olunub.

Bundan başqa, 53,2 min nəfərə 3 019,8 min manat məbləğində, o cümlədən, 2 192,7 min manat uşağın doğulmasına görə, 726,9 min manat radiasiya qəzası nəticəsində zərər çəkərək əlil olmuş şəxslərin müalicəsi üçün və 100,2 min manat dəfn üçün birdəfəlik müavinət verilib.

Cari ilin iyul ayının 1-i vəziyyətinə Azərbaycan qarşısında xüsusi xidmətlər göstərmiş 32,1 min nəfər 2 989,6 min manat məbləğində aylıq təqaüd alıb.

Qeyd edək ki, hesabat dövründə ölkədə 131,9 min ailənin 595,7 min nəfər üzvü ünvanlı dövlət sosial yardımı alıb, onların da 311,2 min nəfəri qadın, 282,3 min nəfəri uşaq olub və 1 nəfərə düşən orta aylıq məbləğ 20,03 manat təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR