Bank Of Baku

Bakıda Avropa Şurasının Gənclərlə iş üzrə daimi Komitəsinin yay məktəbi açılıb

Bakıda Avropa Şurasının Gənclərlə iş üzrə daimi Komitəsinin yay məktəbi açılıb
# 25 avqust 2009 08:54 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Avropa Şurasının Gənclərlə iş üzrə daimi Komitəsinin yay məktəbi öz işinə başlayıb. APA-nın məlumatına görə, Bakıda keçirilən yay məktəbi avqustun 25-dən 29-dək davam edəcək. Məktəbin açılışında Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov, Avropa Şurasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov, AŞ-nin Gənclərlə iş üzrə daimi Komitəsinin direktoru Rene Veynqartner və digər şəxslər iştirak edib.
Tədbirdə çıxış edən A. Rəhimov Azərbaycanın Avropa Şurası ilə bir sıra sahələrdə əməkdaşlıq etdiyini və gənclər siyasəti ilə bağlı əməkdaşlığa xüsusi diqqət yetirdiyini bildirib: “Gənclər siyasətinin səmərəli həyata keçirilməsi üçün bu siyasəti reallaşdıran insanlarla gənclər arasında dialoqun aparılması vacibdir. Həmçinin çox fərqli mədəniyyətlər, xalqların arasında dialoq onların inteqrasiyası üçün zəruridir. Ona görə də belə tədbirlərin keçirilməsi gənclərin qeyd olunan sahələrdəki problemlərinin aradan qaldırılmasına yardım edəcək”.
Azərbaycanın Avropa Şurasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov gənclər üçün yay məktəblərinin təşkil olunmasının vacib olduğunu və bu tədbirlərin xüsusi əhəmiyyət kəsb etdiyini deyib.
Avropa Şurasının Gənclərlə iş üzrə daimi Komitəsinin direktoru Rene Veynqartner isə Azərbaycanın gözəl və maraqlı ölkə olduğunu bildirib. O, gənclərin ictimai-siyasi proseslərdə aktivliyinin artırılması üçün yay məktəblərinin təşkilini əhəmiyyətli sayıb: “Biz yalnız müəyyən danışıqlar aparmırıq, həm də konkret addımlar atırıq. Əminəm ki, bu yay məktəbi çərçivəsində məhsuldar müzakirələr keçiriləcək”.
Qeyd edək ki, yay məktəbində Avropa Şurasına üzv ölkələrdə həyata keçirilən gənclər siyasəti haqqında məlumat veriləcək, Avropa Birliyinin 2020-ci ilə qədər olan strategiyasının təqdimatı keçiriləcək və bu strategiyanın milli səviyyədə icra olunmasının mexanizmlərinə dair debatlar təşkil olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR