Bank Of Baku

Məktəb direktorları valideynlərə məcburən baha qiymətə məktəbli forması aldırırlar - ARAŞDIRMA - FOTOSESSİYA

Məktəb direktorları valideynlərə məcburən baha qiymətə məktəbli forması aldırırlar - <font color=red>ARAŞDIRMA - FOTOSESSİYA</font>
# 08 sentyabr 2009 15:23 (UTC +04:00)
Bakı. Elnur Məmmədli-APA. Təhsil Nazirliyinin qərarı ilə artıq üçüncü ildir ki, Azərbaycanda vahid məktəbli forması tətbiq olunur. Vahid məktəbli formasının tətbiqi ilə əlaqədar hər il valideynlər ciddi problemlərlə üzləşirlər. Orta məktəblərdə direktorların məcburi qaydada valideynlərə baha qiymətə keyfiyyətsiz məktəbli forması satması bu cür problemlərdən yalnız biridir. APA şikayətlərin nə dərəcədə həqiqətə uyğun olub-olmaması barədə araşdırma aparıb.

Övladı 145 saylı liseydə təhsil alan vətəndaşların APA-ya verdiyi məlumata görə, lisey rəhbərliyi ona konkret ünvandan məktəbli geyimi almağı tövsiyə edib: “Bizə dedilər ki, məktəbli formasını yalnız həmin ünvandan almalısan. Lakin valideynlərə məcburi qaydada satılan həmin geyimlər həm keyfiyyətsiz, həm də çox bahadır”. Valideynlər həmin geyim dəstlərini redaksiyaya təqdim ediblər. Təqdim olunan vahid məktəbli forması 2 ədəd yubka, 1 jilet, 1 pulover, 1 köynək, 1 pencək və 1 şərfdən ibarətdir. Valideynlər lisey rəhbərliyinin məcburən aldırdığı bu keyfiyyətsiz geyim dəstinə görə 60 manat pul ödəyiblər: “Bizə dedilər ki, biri yay, biri qış geyimidir. Əslində donların heç bir digərindən fərqlənmir. Hansının yay, hansının qış geyimi olduğunu soruşduqda, dedilər ki, özünüz seçin. Hansını nə vaxt istəsəniz onda geyindirərsiniz. Bu geyimə görə 60 manat pul ödədik”.

APA qeyd olunan geyimlərin real qiymətini, geyim üçün sərf olunan parçaların maya dəyərini müəyyənləşdirmək məqsədilə “Şərq bazarı”nda araşdırma aparıb. Məlum olub ki, qiymətlər müxtəlif mağazalarda bir-birindən fərqlənir. Yubka və jilet üçün istifadə olunan boz parçanın 1 metri 3-4, pencək üçün istifadə olunan tünd göy parçanın 1 metri isə 5-6 manatdır. Yuxarıda qeyd olunan dəstin hazırlanması üçün parçanın alınmasına təxminən 18-10 manat xərclənir. Paltarların atelyedə fərdi olaraq tikilməsi üçün dərzilər 25-30 manat tələb edilər. Sifariş çox olduqda isə bu qiymət 20 manatadək düşür. Beləliklə, valideyn məcburi qaydada 60 manat ödəyərək aldığı geyim dəstini özü tikdirmək fikrinə düşərsə, ümumilikdə 40-45 manat pul xərcləməlidir.

APA-nın əməkdaşı şəhərdə fəaliyyət göstərən və məktəbli forması tikən tikiş sexlərindəki qiymətlərlə də maraqlanıb. Məlum olub ki, tikiş sexlərində qiymətlər bazar qiymətlərindən iki dəfə aşağıdır. Belə ki, bütün material sexin özündən olmaqla məktəbli qız üçün bir dəst geyimin (jilet, pulover, ətək, ağ köynək, pencək) topdansatış qiyməti 15-25 manat, oğlan üçün bir dəst geyim (jilet, pulover, ağ köynək, pencək, şalvar) topdansatış qiyməti isə 15-30 manatdır. Sərbəst şəkildə məktəbli forması satan ticarət obyektlərində isə qiymətlər xeyli ucuzdur. Belə obyektlərdə Türkiyə istehsalı olan yubkalar 10 manat, köynəklər 8-13 manat, oğlan köynəkləri 7-10 manat, şalvar 10 manat, Çin istehsalı olan pulover 5 manat, Türkiyə istehsalı olan pulover 7-8 manatdır.

Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Bayram Hüseynzadə APA-ya deyib ki, heç bir valideyn məktəb direktorunun tapşırığı ilə məktəbli forması almamalıdır: “Valideynlər həmin məktəbin müəyyənləşdirdiyi formanı tikdirməkdə, almaqda azaddırlar. Nazirliyimiz məktəb direktorlarının bu cür hərəkətlərinə qarşı mübarizə aparır”.

Bakı şəhər Təhsil İdarəsinin şöbə müdiri Zəminə Əliqızı APA-ya bildirib ki, 145 saylı liseydə yaranmış bu problemlə bağlı idarəyə çoxsaylı müraciətlər daxil olub: “Biz isə valideynlərə dəfələrlə bildiririk ki, yeni forma almasınlar, uşaqlar ötən il geydikləri formanı bu il geyinsinlər. Nə zaman vahid məktəbli formasına keçidlə bağlı qərar qəbul olunarsa, o zaman yeni forma alarlar”. Z. Əliqızı problemlə bağlı məktəbin direktoru ilə də əlaqə saxladığını bildirib: “Direktor bildirir ki, o heç kimi forma almağa məcbur etmir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR