Bank Of Baku

«Azərbaycan şərqşünaslığı» jurnalının ilk sayı işıq üzü görüb

«Azərbaycan şərqşünaslığı» jurnalının ilk sayı işıq üzü görüb
# 02 oktyabr 2009 00:58 (UTC +04:00)
Bakı – APA. AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda «Azərbaycan şərqşünaslığı» adlı yeni elmi-kütləvi jurnalın ilk sayı artıq işıq üzü görüb.

Şərqşünaslıq İnstitutundan APA-ya verilən məlumata görə, nəfis tərtibatda nəşr olunmuş jurnalın səhifələrində müasir Azərbaycan şərqşünaslığında, ilk növbədə Şərqşünaslıq İnstitutunda araşdırılan ən aktual mövzularla bağlı məqalələrlə tanış olmaq mümkündür. Jurnalın «Görkəmli şərqşünaslar» rubrikasında Şərqşünaslıq İnstitutunun adını daşıdığı akademik Ziya Bünyadovun həyat və yaradıcılığı barədə baş redaktor, institutun direktoru, professor Gövhər Baxşəliyevanın məqaləsi verilir. Sonra Z.Bünyadovun «Nəsiminin məhkəməsi və qətli» adlı məqaləsi oxuculara təqdim edilir.

Tarix, ədəbiyyat, dilçilik, din və ictimai fikir bölmələrində Türkiyə-Özbəkistan əlaqələri tarixinə, ötən əsrin 60-70-ci illərində Səudiyyə Ərəbistanında siyasi vəziyyətə, Aşık Paşanın kiçik həcmli məsnəvilərinə, Məsturə və Natəvanın tale və yaradıcılıqlarının müqayisəsinə, Şərqşünaslıq İnstitutunda fars dilinin tədqiqi ilə bağlı aparılan araşdırmalara, İslamın qlobal təbii və ictimai proseslər haqqında konsepsiyasına, Misirdə qadın probleminə həsr olunmuş məqalələrlə tanış olmaq olar.

«Unudulmuş səhifələr», «Tərcümələr», «Şərqşünasların bədii yaradıcılığı», «Şərqi tanı» rubrikaları da oxucuların marağına səbəb olacaq. Burada həmçinin son zamanlar şərqşünaslıqla bağlı nəşr olunmuş yeni kitab və jurnallar barədə məlumat almaq, şərqşünas alimlərin iştirakı ilə keçirilən tədbirlər, görüşlər və beynəlxalq konfranslar barədə yazıları oxumaq olar. Jurnaldakı yazılarla Şərqşünaslıq İnstitutunun rəsmi saytında da (www.orientalstudies.az) tanış olmaq mümkündür.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR