Bank Of Baku

DSMF Binəqədi rayon şöbəsinin yeni inzibati binasının açılışı olub

DSMF Binəqədi rayon şöbəsinin yeni inzibati binasının açılışı olub
# 19 mart 2010 13:03 (UTC +04:00)
Bakı. Aynur Vəliyeva - APA-Economics. Bu gün Azərbaycan Dövlət Sosial Müdafiə Fondunun (DSMF) Binəqədi rayon şöbəsinin yeni inzibati binasının açılışı olub.

«APA-Economics»in məlumatına görə, yeni 4 mərtəbəli bina beynəlxalq standartlara uyğun tərtib edilib və otaqlar müasir üslubda dizayn edilib. Bütün iş yerləri lokal şəbəkəyə qoşulmuş kompüterlərlə təmin edilib.

Açılış mərasimdə çıxış edən DSMF sədri Səlim Müslümov vurğulayıb ki, iş prosesi üçün lazımi şərait yaradılıb və bundan sonra işçilərin əsas məqsədi kompüter biliklərini artırmaq və yeni proqramda yüksək səviyyədə işləməyi öyrənməkdir.

S.Müslümovun sözlərinə görə, ölkədə beynəlxalq standartlara uyğun yeni sosial müdafiə modeli formalaşıb, Fondun maddi-texniki bazası, infrastrukturu tamamilə yenilənib: “Fondun demək olar ki, bütün yerli şöbələrində müasir informasiya texnologiyalarına əsaslanan lokal şəbəkə qurulub, “incə müştəri” sistemi və “1 işçiyə 1 kompüter” prinsipi əsasında beynəlxalq standartlara cavab verən iş yerləri yaradılıb, müasir informasiya-kommunikasiya texnologiyaları tətbiq edilib. Ümumilikdə bütün ölkə ərazisində sistemin avtomatlaşdırılması və məlumatların xüsusi mühafizə olunan “mərkəzi server”də cəmləşdirilməsi son nəticədə insan amilinin rolunu aradan qaldırmağa, informasiya-kommunikasiya texnologiyalarının tətbiqi nəticəsində idarəetmə səmərəliliyinin artırılmasına nail olmağa xidmət göstərir”.

S.Müslümov vurğulayıb ki, yaxın gələcəkdə avtomatlaşdırılmış sistemə keçid vətəndaşlardan heç bir sənəd almadan müasir standartlara uyğun pensiya təyinatına şərait yaradacaq. Bu prosesin yüksək səviyyədə həyata keçirilməsi üçün yerli şöbələrin də üzərinə böyük məsuliyyətin düşdüyünü deyən DSMF sədri yeni binada çalışacaq kollektivin qarşısında yaradılmış müasir standartlara uyğun şəraitə adekvat işin orta qoyulması tələbini qoyub.

S.Müslümov xüsusilə işləyən vətəndaşların sosial sığortaya cəlb olunması, bütövlükdə sığortaolunanların sayının artırılması məsələlərinin şöbə işçilərinin qarşısında duran əsas vəzifə olduğunu vurğulayıb. Sonra tədbir iştirakçıları binada işçilər üçün yaradılmış şəraitlə yaxından tanış olublar.

Qeyd edək ki, DSMF-nin Binəqədi rayon şöbəsində 32 min pensiyaçı qeydiyyatdan keçib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR